İlqar Tağıyev
Biz futbolçu deyil, fəhlə yetişdiririk?

İlqar Tağıyev | ilqar77@mail.ru

AFFA-nın təşkilatçılığı ilə keçirilən liqalarda 2017/18-ci illər mövsümü artıq 2 aya yaxındır ki, başlayıb. Gözdən-könüldən uzaq qalan, ikisi qızlar olmaqla 10 yaş qrupu üzrə birincilikdə rast gəlinən problemlər ötən mövsümlərlə müqayisədə xeyli azalsa da, yenə də yox deyil. Ən böyük çatışmazlıq liqalarda komanda sayı ilə bağlıdır.
14 yaşına kimi futbolçuların iştirak etdikləri liqalarda komanda sarıdan problem yaşanmır. Amma U-15, U-16 və U-17 liqalarında “kasadlıq” hökm sürür. Ötən mövsüm 100-ə yaxın komandanın iştirak etdiyi və bütün respublikanı əhatə edən U-14 Liqasında çıxış edən futbolçular bu il U-15 Liqasında mübarizə aparmalı idilər. Əslində, aparırlar da. Amma onlardan çox az qismi. Təsəvvür edin ki, komanda sayı 5-6 dəfə azalıb. U-15 Liqası U-16 və U-17 ilə müqayisədə şükürlüdür. 16 yaşlı futbolçuların çempionatında 11, 17 yaşlıların birinciliyində isə 12 komandanın olması uşaq futbolundakı bərbad vəziyyətin göstəricisidir. Özü də bu komandaların 8-i Premyer Liqada klublarının futbol məktəblərinin təmsilçiləridir. Başqa sözlə, həmin klublar istəsələr də, istəməsələr də, məcburən liqalara komanda buraxmalıdırlar. Bu haqda ötən yazılarımızdan birində geniş bəhs etdiyimizdən keçək digər çatışmazlığa.

Liqalarda “gözəgirən” problemlərdən biri də stadionlarla bağlıdır. Daha dəqiq onların kəmiyyəti və keyfiyyəti ilə. Respublikada yarışların keçirilməsi üçün stadion çatışmazlığı təəssüf doğuran məqamdır. Bir çox klubların balansında ümumiyyətlə, stadion yoxdur. Olanlarda isə… Stadionların əksəriyyəti süni örtüklüdür. Bunun da uşaqların sağlamlığına vurduğu ziyanları sadalamağa ehtiyac görmürük. Təbii örtüklü olanların çoxunu isə “təbii torpaqlı” adlandırsaq, daha doğru olar. “Koçka”larla zəngin belə meydanlarda futbol oynamaq uşaqlar üçün əsil zülmdür. Əksər stadionlarda şərait yaxşı deyil, işıqlandırma sistemi bərbaddır və ya yoxdur…

Yazının əsas mövzusunu təşkil edəcək daha bir çatışmazlıq U-16 və U-17 liqalarında oyunların dərs günləri keçirilməsidir. Məlumdur ki, bu liqalarda oynayan futbolçuların əksəriyyəti 10-11-ci sinif şagirdləridir. Ali məktəbin bir addımlığında bu uşaqları tədrisdən kənar salmaq nə dərəcədə doğrudur? Bu gün 16-17 yaşı olan uşaqların heç də hamısı gələcəkdə peşəkar futbolçu ola bilməyəcək. Bu, aksiomdur. Bəs, dərslərdən məcburən kənar qalan uşaqlar peşəkar futbolçu olmayacaqları təqdirdə hansı savadla özlərinə gələcək həyat quracaqlar?

Kimdir günahkar? AFFA, yoxsa klublar?

Hələ ötən il U-15, U-16 və U-17 liqalarında oyunların həftə içi keçirilməsi ilə bağlı araşdırma aparmış, AFFA-nın Yarışların Keçirilməsi Departamentinin rəhbəri Yusif Vəliyev və klubların akademiyalarının nümayəndələrinin məsələ ilə bağlı mövqeyini öyrənmişdik. Yusif müəllim oyunların şənbə və bazar günlərində keçirilməsinin onlar üçün heç bir çətinlik yaratmadığını söyləmiş, bu problemlərin qaynaqlanmasında əsas günahın klublarda üzərinə düşdüyünü bildirmişdi. Bundan başqa departament rəhbəri bu mövsümdən etibarən liqalarda oyunların həftəsonu təşkilinə çalışacaqlarını da qeyd etmişdi. Klub nümayəndələrinin bir qismi bu istəkdə olduqlarını bildirsələr də, aralarında AFFA-nı günahkar çıxaranlar tapılmışdı. Araşdırma nəticəsində gəldiyimiz qənaət bu idi ki, oyunların “ara günləri” keçirilməsinin səbəbləri stadion azlığı və maliyyə problemidir. Artıq, bu mövsümdən etibarən U-15 Liqasında oyunlar şənbə və bazar günlərinə salınıb. Bəs, U-16 və U-17 Liqaları? Hansı səbəbdən 16 yaşlılar cümə axşamı, 17 yaşlılar isə bazar ertəsi oynamalıdırlar? Yaxud, dərs buraxmalıdırlar?

Məsələ ilə bağlı ötən il olduğu kimi ilk növbədə Yusif Vəliyevin mövqeyini öyrəndik. O, yenə də sözügedən liqalarda oyunların həftəsonu keçirilməsinin tərəfdarı olduğunu bildirməklə yanaşı, problemin yaranmasının əsas səbəbkarları kimi bəzi klubları göstərdi: “Bildiyiniz kimi, bu ildən etibarən U-15 Liqasının oyunlarının həftəsonu keçirilməsi ilə bağlı qərar qəbul etdik. Digər 2 liqaya gəlincə, çox istərdik ki, onlarda da oyunlar dərs günlərinə düşməsin. Amma… Məsələ burasındadır ki, U-14 Liqasına kimi bütün yaş qruplarında stadion məsələsini AFFA həll edir və indiyə kimi nəsə bir problemlə üzləşməmişik. Üstəlik, oyunları şənbə və bazar günləri keçiririk. U-14-dən yuxarı liqalarda isə oyunların keçirilməsi üçün stadionları klublar müəyyən edirlər. Bundan başqa komandaların nəqliyyatla təmin olunması da klubların öhdəsinə düşür. Əsas komandaların oyunlarının əsasən həftəsonuna düşməsi, eyni zamanda əvəzedici və Gənclər Liqasında çıxış edən komandaların da hər həftə oynaması bir çox klublarda aşağı yaş qruplarının oyunlarını həftənin istirahət günləri keçirməsinə imkan vermir. Eyni zamanda 4-5 komandanın müxtəlif istiqamətdə səfərə göndərilməsi klublar üçün problem yaradır. Məhz bu üzdən sözügedən liqaların oyunlarını dərs günlərinə salmağa məcbur olmuşuq. Yəni, yaranan problemin səbəbkarı AFFA deyil. Bütün liqalarda oyunların şənbə və bazar günləri keçirilməsi üçün nə təşkilati, nə hakimlər, nə də digər məqamlarla bağlı AFFA-nın heç bir problemi yoxdur”.

Sözügedən məsələdə AFFA-nın suçunun olmadığını, problemdə əsas payın klubların üzərinə düşdüyünü deməliyik. Fikir versək görərik ki, əksər klubların ya özlərinin stadionları yoxdur, ya da cəmi 1 meydanı olan stadionu var. Bu halda əsas, əvəzedici, gənclər və aşağı yaş qruplarının oyunlarının hamısının həftəsonu keçirilməsi mümkün olmur. Problemdən çıxış yolu varmı?

Klublar oyunların həftəsonu keçirilməsini dəstəkləyir, amma…

Bayaq qeyd etdik ki, U-16 və U-17 liqalarında uyğun olaraq 11 və 12 komanda çıxış edir. Onlardan 8-i Premyer Liqa təmsilçilərinin akademiyalarının (əgər çoxuna akademiya demək mümkünsə – İ.T.) komandalarıdır. U-16 Liqasında “səkkizlik”dən başqa “Vətən”, “Neftçi” İK İB və “Turan”, U-17 Liqasında isə “Xəzər Lənkəran”, “Neftçi” İK İB, “Ağsu” və “Mil-Muğan” iştirak edir. Adıçəkilən klubların komandalarının bütün liqalarda oyunların həftəsonu keçirilməsində hansısa problem yaradacağına inanmırıq. Fikrimizi bir qədər ətraflı izah edək. “Neftçi” İK İB-dən başlayaq. Komanda ev oyunalarını Lökbatan Olimpiya Kompleksinin stadionunda keçirir. U-15, U-16, U-17 və Gənclər Liqasında çıxış edən 4 komandanın oyunlarını bütün komandalar evdə oynasalar belə şənbə-bazar keçirmək mümkündür. “Xəzər Lənkəran”ın da əsas komandası yoxdur. Üstəlik, “Neftçi” İK İB-dən fərqli olaraq klub cəmi 1 yaş qrupu üzrə qonaq qəbul edə bilər. Yəni, klubun nə U-15, nə də U-16 komandası var. “Turan”, “Ağsu” və “Mil-Muğan”ın əsas komandaları olsa da, heç də bütün yaş qruplarından ibarət komandalara sahib deyil. Bu klubların özlərinin stadionları var. Bundan başqa çətin vəziyyətdə Tovuz, Ağsu və İmişlidəki Olimpiya İdman Komplekslərinin stadionlarından da istifadə etmək olar. Dövlət bu kompleksləri yaraşıq üçün tikməyib ki? O ki qaldı “Vətən”ə, məktəbin I Divizionda çıxış edən “Sabah” komandası ev oyunlarını Binə qəsəbə stadionunda keçirir. Aşağı yaş qrupları isə qonaqları “Neftçi Baza”da qəbul edir. Təhsil Nazirliyinin balansında olan məktəbin özünün stadionu oyunları keçirməyə imkan verməsə də, “Vətən”in çətin durumda əlavə stadion icarəyə götürməsi fikrimizcə, mümkündür.

Keçək Premyer Liqa təmsilçilərinə. “Səkkizliy”in nümayəndələri ilə əlaqə saxlayıb, bütün yaş qruplarının oyunlarının şənbə və bazar günləri keçirmək imkanlarının olub-olmadığını soruşduq.
“Qəbələ”nin Futbol Akademiyasının direktor müavini Nail Kərimov 2 liqada oyunların dərs gününə təsadüf etməsini yaxşı qarşılamadı. Onun sözlərinə görə 10-11-ci sinif şagirdlərinin futbola görə dərs buraxmaları yaxşı hal deyil: “Biz həmişə təhsilə böyük önəm vermişik. Akademiyamızda olan uşaqların hamısının əla oxuduğunu deməklə yalançı olaram. Amma dərslərə davamiyyət mütləqdir. Oyunların həftə içinə düşməsi davamiyyətə mənfi təsir göstərir. Hələ ötən mövsüm AFFA-da keçirilən iclasların birində sözügedən 3 liqada oyunların həftəsonuna təyin olunamsı ilə bağlı təklifimiz olmuşdu. Doğrudur, o vaxt bunun mərhələli şəkildə həyata keçirilməli olduğunu bildirmişdik. Bildiyiniz kimi, bu ildən etibarən U-15 Liqasında oyunlar şənbə və bazar günləri keçirilir. Gözləyirdik ki, U-16 Liqasında da oyunlar həftənin istirahət günlərinə salınacaq. Növbəti mövsüm isə bu ənənə U-17 Liqasında da tətbiq olunmaqla problem həllini tapacaq. Təəssüf ki, gözlənilənlər baş vermədi”.

Nail müəllim “Qəbələ”nin Futbol Akademiyasının yeni yataqxana binası hazır olandan sonra təhsilə daha çox önəm verəcəklərini bildirdi. Lakin layihənin hələ tam həll olunmaması üzündən bu haqda danışmağın tez olduğunu da söylədi. Onun sözlərinə görə liqalarda oyunların şənbə-bazar keçirilməsi onlar üçün heç bir problem yaratmır: “Bir müddət əvvəl AFFA-ya bu barədə müraciət etmişdik ki, komandalarımızın oyunlarını istirahət günlərinə salsınlar. Əslində, ev oyunlarının “ara günləri”nə təsadüf etməsi uşaqların dərs buraxması anlamına gəlməməlidir. Çünki, ev oyunlarımız dərs saatlarından sonra başlayır. Səfər oyunlarında isə uşaqlar məcburən dərs buraxmalı olurlar”.

Problemin yaranmasına səbəb kimi bir çox klublarımızın ağır durumunu göstərən həmsöhbətimiz, AFFA-nın bu məsələdə heç bir günahının olmadığını və yaxın gələcəkdə bütün liqalarda oyunların həftəsonu keçiriləcəyinə ümidli olduğunu söylədi.
“Qarabağ”ın aşağı yaş qrupları ev oyunlarını 2 stadionda keçirir – “Sərhədçi” və Binə qəsəbə stadionuda. Ölkənin “1 nömrə”li klubunun bütün yaş qrupları üzrə komandalarının qonaqları həftənin istirahət günləri evdə qəbul etməsi mümkündürmü? “Qarabağ”ın Futbol Akademiyasının koordinatoru Borça Xristov AFFA tərəfindən belə bir qərar veriləcəyi halda onların problemlə üzləşməyəcəklərini dedi.
Oxşar fikri “Səbail”in mətbuat xidmətinin rəhbəri Törə Əhmədova da səsləndirdi. Hazırda “Dalğa Arena”ya sığınan AFFA komandası “Bayıl Arena”nın ot örtüyü istifadəyə verildikdən sonra şənbə-bazar qonaq qəbul etmək sarıdan korluq çəkməyəcək.

Stadionunun təmirini gözləyən daha bir klub “Neftçi”dir. Klubun Futbol Akademiyasının rəhbəri Eldar Bədəlov şagird-futbolçuların dərs buraxmalarını yaxşı qarşılamadığını bildirməklə yanaşı, liqalarda oyunların şənbə-bazar keçirilməməsinin əsas səbəbi bəzi klubların infrastruktur problemi ilə bağlı olması fikrindədir: “Neftçi”nin böyük yaş qruplarının oyunlarının bir hissəsi Binə qəsəbə stadionunda keçirilir. Həmin stadion çox yüklənib. Orada “Qarabağ”ın akademiyasının komandalarının, Qızlar Liqasının iştirakçılarının, “Sabah”ın oyunları keçirilir. Digər oyunlarımızı isə “Dalğa Arena”da keçiririk. Orada da qrafik çox sıxdır. Əlbəttə, biz də oyunların dərs gününə təsadüf etməməsinin tərəfdarıyıq. Təəssüf ki, klubların infrastruktur problemi buna imkan vermir. Ümid edirəm ki, gələn mövsümdən etibarən bu məsələ yoluna qoyulacaq, uşaqlar təhsildən uzaq düşməyəcəklər”.
Eldar müəllim sonda Bakıxanov qəsəbəsindəki stadionun istifadəyə verilməsindən sonra problemin “Neftçi”yə aid hissəsininin həlli olunacağını da söylədi.

Yenə də Bakıdan bir qədər “uzaqlaşaq”. Gəncə şəhər stadionunun meydanında yeni təbii örtüyün salınmasından sonra orada hansısa aşağı yaş qrupunun oyun keçirməsi ağlabatan deyil. “Kəpəz”in futbol məktəbinin komandaları ev oyunlarını Gəncə Təhsil İdman Məktəbinin stadionunda keçirir. Güman ki, 3-4 komandanın həftənin istirahət günləri qonaq qəbul etməsi çətin olmaz. Həm də nəzərə alaq ki, Gəncə kimi böyük şəhərdə ideal vəziyyətdə olmasa belə başqa stadionlar da var. Soyunub-geyinmə otaqlarına və meydana əl gəzdirməklə problemi həll etmək olar.
“Akademiyamız Binədə Aviasiya Akademiyasının yerləşir. Sözügedən liqalarda turlar şənbə-bazara salınsa, o halda ehtimal var ki, bu yaş qruplarında hər 3 komandamız həftəsonu evdə oynasın. Əslində, oyunların üçü də eyni günə təsadüf etsə belə, keçirmək imkanlarımız var. Amma bu, digər yaş qrupu komandalarımızın məşq prosesinin pozulmasına səbəb olacaq. Təsəvvür edin ki, oyunlar ancaq şənbə gününə salınsa… Həmin gün 6 ayrı-ayrı yaş qrupumuzun məşqi var”. Bu sözlər “Zirə”nin Futbol Akademiyasının rəhbəri Adil Şükürova məxsusdur. Oyunların dərs günlərinə düşməsinin tərəfdarı olmayan Adil müəllim vəziyyətdən çıxış kimi AFFA-nın köməyinə ehtiyaclarının olduğunu söylədi: “Federasiya heç olmasa, oyunların birini səfərə salmaqla bizə dəstək olsa, problem həllini tapar. Məsələn, U-15 və U-16 evdə oynayacaqları halda, U-17 səfərə çıxsın. Və ya əksinə”.

“Sumqayıt”ın baş meneceri Ceyhun Sultanovun məsələ ilə bağlı fikri digərlərindən bir qədər fərqli oldu. Ceyhun müəllim bütün liqalarda oyunların həftənin istirahət günlərinə salınmasının onlar üçün problem yaradacağını bildirdi: “Aşağı yaş qruplarının, əvəzedici, gənclər və əsas komandanın hamısının oyunları, 1 meydanımız var, orada keçirilir. Hesab edək ki, əsas komanda şənbə günü qonaq qəbul edir. Həmin gün hansısa başqa komandamızın oyununun evdə keçirilməsi alınmır. Çünki əsas komandanın oyunu olan gün stadionun bütünlüklə onların sərəncamında olmasının tərəfdarıyam. Digər tərəfdən əsas komanda şənbə günü oynasa, ertəsi gün meydan əvəzedicilərin sərəncamında olmalıdı. Əsas və əzəzedicilərin oyunları şənbə-bazar keçirilməsə və ya səfərdə oynasaq belə, çətinliklər bununla bitmir. Bir gündə meydan yüklənməsin deyə, ora uzağı 2 oyunun salınmasının tərəfdarıyam. Hələ əsas komanda da daxil olmaqla komandaların məşqlərini demirəm. Cəmi bir meydanımız var. Onu da bu qədər yükləmək düzgün olmaz”.

Nəhayət, “səkkizliy”in son üzvü “Keşlə” necə, bütün liqalarda oyunları həftəsonu qəbul etməyə qadirdimi? 2-3 il əvvələ kimi bu suala əminliklə “hə” cavabı vermək olardı. Çünki o vaxt əsas meydandan savayı klubun balansında daha 3 meydan var idi. İndi onlardan biri bərbad durumdadır, digərinin yerində mini-futbol meydançaları salınıb. Qalır 4-cü meydan. Ötən il soyunub-geyinmə otaqlarında əsaslı təmir işləri aparılsa da, ot örtüyü arzuolunan vəziyyətdə deyil. Problem təkcə bunda deyil. Akademiyanın bütün yaş qrupları demək olar ki, məşqləri və oyunları həmin 4-cü meydanda keçirirlər. Həftəsonu 3 liqa ilə yanaşı, gənclər komandasının da oyunu evə təsadüf etsə, digər komandaların məşqlərini ləğv etməklə oyunları pis-yaxşı təşkil etmək olar. Amma bir məqamı da diqqətdən qaçırmayaq – 4-cü meydan təkcə akademiyanın komandalarının deyil, arada başqa komandaların da sərəncamında olur. Üstəgəl, “Sabahın ulduz”ları da gözlərini ora dikiblər.

Son söz əvəzi

Göründüyü kimi liqalarda oyunların həftəsonu keçirilməməsinin günahkarları bəzi klublardır. Əsas problem meydan çatışmazlığıdır. Yazının əvvəlində qeyd etdiyimiz kimi, bəzi klubların heç özlərinin meydanı yoxdur, yaxud 1 meydanın ümidinə qalıblar. Vəziyyətdən çıxış yolu klubların öz infrastrukturlarına əl gəzdirmələridir. Əks təqdirdə, “Bəyin oğurlanması” filmində deyildiyi kimi, indi belə çıxır ki…
…İndi belə çıxır ki, biz futbolçu yox, fəhlə yetişdiririk. Birdə ki, fəhlə olmaq yox, savadsız fəhlə olmaq ayıbdır.

Həmin kateqoriyadan