BMX dünya çempionatının yayım çəkilişini Bakı Media Mərkəzi edəcək

Bakı Media Mərkəzi iyununda 5-9-da Azərbaycanda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatının canlı yayım çəkilişini həyata keçirəcək. Allsport.az saytı xəbər verir ki, yarışda 50-dən çox ölkədən təxminən iki min qoşaçarxçının iştirakı gözlənilir.

Bakı Media Mərkəzi bu mötəbər beynəlxalq yarışın video və foto çəkilişlərini həyata keçirməklə yanaşı, dünya çempionatına hazırlıq mərhələsində tanıtım çarxının çəkilişini və dünyanın aparıcı idman kanallarında yerləşdirilməsini də təmin edəcək.

Əsas çəkilişlər 16 kameralı Səyyar Televiziya Kompleksi vasitəsilə aparılacaq. Bundan başqa, yarış zamanı daha keyfiyyətli çəkilişlər aparmaq məqsədilə Mərkəzin yeni texniki qurğularından istifadə olunacaq.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Şirkət bir sıra yerli və beynəlxalq əhəmiyyətli tədbirlərin yayımının təşkil olunmasında geniş təcrübəyə malikdir.

Bunadək Mərkəz “Tour d’Azerbaidjan” velosiped turunun Bakıdan və bölgələrdən canlı yayımlarını təşkil edərək dünyanın idman həvəskarlarına bu mötəbər yarışı “Eurosport” kanalında birbaşa izləmək imkanı verib.

Həmin kateqoriyadan