- Baxış sayı: 26
- 27 Noyabr 2024 23:48
- Baxış sayı: 38
- Noyabr 26, 2024
- 0
Yeni mövsümdə 1-ci divizionda çıxış edəcək “Kəpəz” klubuna yeni baş məşqçi təyin olunub. Allsport.az saytı xəbər verir ki, “sarı-göylər”i bundan sonra Etibar İbrahimov çalışdıracaq. 41 yaşlı mütəxəssis klubun bazasında keçirilən iclasda kollektivə təqdim edilib. İcracı direktor Elnur Camalxanov rəhbərliyin klubun inkişafı istiqamətində ona olan inamını ifadə edərək, gələcək fəaliyyətində müvəffəqiyyətlər arzulayıb. Baş məşqçi isə etimada görə təşəkkürünü bildirib, “Kəpəz”in uğurlu çıxışı üçün bütün bacarığını ortaya qoyacağını deyib.
Etibar İbrahimov Gəncə futbolu və “Kəpəz” üçün yad sima deyil. Gəncə futbol məktəbinin yetirməsi olan İbrahimov 16 yaşında Bərdənin “Pambıqçı” klubunun heyətində Azərbaycan çempionatının yüksək liqasında debüt edib. Hərbi xidmətlə bağlı karyerasını OİK-in əvəzedici heyətində davam etdirib və Azərbaycan çempionu olub. Amma aldığı ciddi zədə onu karyerasını erkən başa vurmağa məcbur edib. 21 yaşında futbolçu həyatına əlvida deyən İbrahimov doğma şəhərində yerli idman məktəbində məşqçiliyə başlayıb. Bu sahədə tədricən bacarığını artırmaq üçün AFFA-nın təşkil etdiyi müvafiq məşqçi kurslarına yazılıb. Pilləli şəkildə kateqoriyaları uğurla başa vuraraq UEFA-nın Pro lisenziyasına yiyələnib. Almaniyanın “Borussiya” (Münhenqladbax), “Ayntraxt Frankfurt”, “Bayer” (Leverkuzen) və Rusiyanın “Zenit” klublarında təcrübə keçib. Aşağı yaş qrupları üzrə Azərbaycan yığma komandalarında çalışıb. Vaxtilə ölkəmizdə də fəaliyyət göstərmiş Nikolay Adamın dəvəti ilə Hindistanın 17 yaşlılardan ibarət millisində almaniyalı mütəxəssisin köməkçisi işləyib.
Etibar İbrahimov “Kəpəz”də də iş təcrübəsinə malikdir. Belə ki, o, 2003-cü ildə klubun əsas komandasında Arzu Mirzəyevin köməkçisi olub. Bununla da İbrahimov 26 yaşında “sarı-göylər”in məşqçilər korpusunda yer almaqla klubun tarixinə əsas komandanın ən gənc çalışdırıcısı kimi düşüb. Yeri gəlmişkən, o, bir müddət klubun əvəzedici heyətində də çalışıb.