- Baxış sayı: 30
- 24 Noyabr 2024 20:21
- Baxış sayı: 97
- Noyabr 21, 2024
- 0
“Neftçi”nin sabiq baş məşqçisi Böyükağa Hacıyev mətbuata verdiyi son müsahibəsi barədə danışıb. Allsport.az azerisport.az saytına istinadən xəbər verir ki, o, “Neftçi”nin cari mövsümün əvvəlində Naxçıvanda “Araz Naxçıvan”la oyunda bilərəkdən uduzmadığını, sadəcə, səfərə əsas heyət aparılmadığını bəyan edib:
“Etiraf edirəm ki, səfərə əsas heyət aparmamaqda əsas məqsəd Avropa Liqası idi. Unutmamısınızsa, həmin günlərdə bizi avrokuboklarda çətin oyun gözləyirdi. Biz avrokubokları düşünərək əsas 7 futbolçumuza istirahət verdik. Naxçıvana 7 futbolçu və mən yollanmadıq. Məgər “Neftçi” 7 futbolçu və baş məşqçidən ibarətdir? Belə deyil. Komanda səfərdə uduzdu. Çünki, rəqib meydana çıxan futbolçulardan daha yaxşı oynadı”.
Hacıyev “Neftçi”nin “Araz Naxçıvan”a qarşı qəsdən uduzduğunu təkzib edərək, fikirlərini belə izah edib: “Qəsdən uduzmaq olmayıb. Sadəcə, əsas heyət səfərə getməyib. Yenə deyirəm, 15 il “Araz Naxçıvan”ın kapitanı olmuşam. İndi deyirsiniz köhnə komandama qarşı çıxmalıydım? Mən dünəni unudan insanlardan deyiləm. Naxçıvan təmsilçisinə qarşı çıxa bilmərəm, çıxmaram da. Elə oldu ki, “Neftçi” üçün daha vacib avrokubok matçı oldu. Ola bilər səfərdə uduzduğumuza görə bizi qınasınlar. Amma yada salın ki, həmin “Neftçi” Naxçıvan səfərindən sonra Gürcüstanda “Çixura”nı üstələdi. Bizə həmin an avrokubok matçı daha çox lazım idi”.
Sabiq komandasının Azərbaycan Kubokundakı şanslarına toxunan Böyükağa Hacıyev “ağ-qaralar”ın finala çıxmaq şansının yüksək oldunu bildirdi: “Neftçi” ilk yarımfinal görüşündə yaxşı oynadı və iki qol vurdu. “İnter” üçün cavab görüşündə yenidən 2-3 qol vurmaq çətin olacaq. Bu mənada “Neftçi”ni finala daha yaxın hesab edirəm. Cari mövsümü mükafatla başa vurmaq komandanın özündən asılıdır. Kuboku qazanmaqları realdır, buna görə maksimum gücdən istifadə etmək gərəkdir”.
Hacıyev Müşahidə Şurası tərəfindən Dmitri Kramarenkoyla Vəli Qasımovun yeni postlara təyin olunmasını müsbət qarşıladı: “Kramarenko həyatını “ağ-qaralar”a həsr edib. Onun qapıçılarla işləyən məşqçi təyin olunması düzgün qərardır. Vəli Qasımovun idman direktoru olmasına sevindim. Qasımov yaxşı futbolçularımızdan biridir. Güclü çempionatlarda çıxış edib. Onların təyinatı komandaya kömək edə bilər”.
“Neftçi”də yeni təyinatlar reallaşdı. Mövsümün sonunda baş məşqçi Arif Əsədovla yollar ayrıla bilərmi? Bu suala Böyükağa Hacıyev cavab verməkdən imtina etdi: “İstəməzdim Əsədov komandadan getsin. Amma qərarları Müşahidə Şurası qəbul edir. Mən buna şərh verə bilmərəm”.