“Bu dəfə Avropa çempionu olmağa hazır deyildim”

Macarıstan paytaxtı Budapeştdə qitə çempionatında komanda hesabında 1-ci yer tutan sərbəst güləşçilərimiz bu gün Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, hava limanında yarışda gümüş medal qazanan Hacı Əliyev (65 kq) bunu söyləyib:

“İlk növbədə bu gözəl qələbə münasibətilə xalqımızı təbrik edirəm. Həqiqətən uşaqlarımız çox yaxşı güləşdilər. Olimpiadadan sonra bir neçə ay fasilə götürdüm. İstirahəti başa vurduqdan sonra düşündüm ki, cəmi 2 ildən sonra növbəti olimpiya oyunlarıdır və Paris-2024-də iştirak edə bilərəm.

Artıq gələn il ilk lisenziya yarışı olacaq. AÇ öncəsi millinin sonuncu təlim-məşq toplanışında iştirak etdim. 4-cü dəfə Avropa çempionu olmaq istəyirdim. Ancaq tam hazır deyildim. Şükür Allaha, yenə də medalsız gəlmədim. Yaxşı nəticə göstərdim. Hədəfim Olimpiya çempionu olmaqdır.

İnşallah, Parisdə qızıl medal qazanaram. AÇ-nin finalında qarşılaşdığım İsmayıl Musukayev yaxşı rəqibdir. İlk hissədə ayağım ilişdi və “xaç” fəndinə görə rəqib 6 xal qazandı. Özümdən asılı olmadan bu vəziyyətə düşdüm. Onun məndən güclü və məğlubedilməz olduğunu düşünmürəm. Sadəcə, bu dəfə görüş alınmadı. Bu, Olimpiadadan sonra ilk yarışım idi. Məndən fərqli, digər komanda yoldaşlarımın yarış təcrübəsi var idi. Bu da finalda rol oynadı”.

Həmin kateqoriyadan