- Baxış sayı: 242
- 02 Oktyabr 2024 15:15
- Baxış sayı: 95
- Noyabr 19, 2024
- 0
Vüqar Məmmədov | vuqar-inqilaboqlu@mail.ru
Bu günlərdə bütün dünyanın idman həyatı, elə dünyanın bütövlükdə həyatı kimi donduğu bir şəraitdə bütün diqqətlər Rusiyanın Yekaterinburq şəhərinə yönəlmişdi. Pandemiya dövründə yeganə beynəlxalq idman yarışı tək burada keçirilən şahmatçıların namizədlər turniri idi. Bəs nə üçün bütün turnirlər, ümumiyyətlə, bütün kütləvi tədbirlər qadağan edildiyi, hətta bir yerdə adicə toplaşmaq imkanı da sayhesabı, məhdudiyyətli olduğu bir dövrdə Beynəlxalq Şahmat Federasiyası (FİDE) bu turniri başlatdı?
Turnirlə bağlı ilk sərt reaksiya hələ yarışdan 11 gün öncədən onun iştirakçısı olmalı olan Azərbaycan qrossmeysteri Teymur Rəcəbovdan gəldi. Şahmatçımız koronavirus təhlükəsi səbəbindən yarışın təxirə salınmalı olduğunu bildirsə də, təşkilatçılar yarışı dayandırmaq fikrində olmadıqlarını bildirdilər. Belə olan halda şahmatçımız turnirdə iştirakdan imtina etdi və Teymuru fransalı Maksim Vaşye-Laqravla əvəzlədilər.
Bu arada təəssüflə qeyd etmək istəyirəm ki, sosial şəbəkələrdə ölkəmizin bir sıra şahmat həvəskarlarının Teymur Rəcəbovun yarışa qatılmamağını sərt qınadıqlarını müşahidə etdim.
Nə isə, keçək baş verənlərə yarış qabağı iştirakçıların və şahmat dünyasının digər nümayəndələrinin münasibətlərinə.
Turnirin çinli iştirakçılarından biri Van Xao: “Hesab edirəm ki, FİDE bütün rəsmi turnirləri artıq indidən təxirə salmalıdır. Əgər bu baş verməsə, əmin deyiləm ki, beynəlxalq federasiyanın virusun gözlənilməz nəticələrinin öhdəsindən gəlmək üçün planı olsun”.
Teymurun turnirə hazırlıq prosesində yanında olmuş rusiyalı qrossmeyster Sergey Karyakin: “Bütün dünyada yarışlar ləğv olunur. Hansısa dərəcədə Teymurun ehtiyatlanması əbəs deyil. O, turnirdən elə-belə imtina etməyib. Biz çox yaxşı başa düşürük ki, virus bütün dünyada yayılıb. Teymur bu qərarı verib və mən onu mühakimə edə bilmərəm”.
Avropa Şahmat İttifaqının keçmiş prezidenti Silvio Danailov: “FİDE dərhal bütün rəsmi turnirləri ləğv etməlidir. İndi mart ayında dünya yarışının keçirilməsi hədsiz məsuliyyətsiz və təhlükəlidir. Əgər namizədlərin turnirində kiminsə başına nəsə gələrsə, FİDE-nin Prezident Şurası dərhal tam heyətlə istefaya getməlidir”.
Daha sonra sosial şəbəkələrdə Van Xaonun belə bir replikası peyda oldu: “Mən artıq turnirdən imtina etməyə hazır idim. Lakin bizim şahmat federasiyası təzyiq göstərdi”.
Bu cür münasibət tam yarış ərəfəsi də davam edirdi. Keçmiş dünya çempionu Vladimir Kramnik məsələyə münasibətini bu cür bildirib: “Əminəm ki, turniri dünyadakı katastrofik vəziyyətə görə təxirə salmaq lazım idi. Şəxsən mən hesab edirəm ki, onun indi keçirilməsi bir çox səbəblərdən düzgün deyil: burada şahmatın necə görünəcəyi də var, turnirin qanuniliyi də, və sadəcə insani tərəf də. İndi ilin vacib turnirini keçirərək heç nəyin baş vermədiyi kimi özünü göstərməyin vaxtı deyil. Hələ onu demirəm ki, iştirakçılar az da olsa, konkret təhlükə altındadırlar”.
Turnirin rusiyalı iştirakçısı Aleksandr Qrişşuk da öz narahatlığını son anda ifadə edib: “Koronavirusla bağlı xəbərlər fikrimi yayındırır və çox şey qəribə görünür. Düşünürəm, başlayan turnirin başa çatmayacağı ehtimalı 50 faizdir”.
Sonradan məlum oldu ki, Qrişşukun göstərdiyi 50 faiz rəqəmi tək ehtimal göstəricisi deyil, elə yarışın dayandırılması mərhələsinə də uyğun oldu.
Göründüyü kimi, Teymurun haqlı mövqeyi bir çoxları ilə üstü-üstə düşür. Hətta yarış iştirakçıları arasında da bu mövqedə olanlar olsa da, Rəcəbov kimi qətiyyət heç kəsdə olmadı. Ancaq bəri başdan deyim ki, Teymur artıq şahmat aləmində söz sahibi, qətiyyətli, əslində bütün şahmatçılara xas olmalı olan, lakin məhz bu turnir ətrafında bir çoxlarında olmadığı üzə çıxan uzaqgörənliyə malik olduğunu göstərdi.
Bir sözlə, turnir Rəcəbovsuz başlandı. Bütün dünyada pandemiya elan edilməsinə, bütün beynəlxalq yarışların ləğv edilməsinə, o cümlədən yarışdan bir gün öncə Rusiya hökumətinin də müvafiq qərar verməsinə baxmayaraq, başlandı. Dvorkoviç elan etdi ki, Rusiyada bütün yarışlar təxirə salınsa da, namizədlər turnirinin keçirilməsinə icazə verilib, çünki iştirakçı sayı cəmi 8-dir və FİDE də yarışın təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görüb. Həm də turnir çox vacibdir.
Əcəba, hansısa ölkədə idman tədbiri təxirə salındıqda, say göstəricisi qoyulubmi ki, bu qədər iştirakçı olsa yarış keçirilə bilər? Görülən tədbirlər nə qədər təhlükəsizliyi təmin edirdi? Yarış qabağı hər iştirakçının testdən keçdiyi və gündə iki dəfə tibbi yoxlanışdan keçdiyi bildirildi. Əgər bu addımlar tam zəmanət verirdisə, nə üçün turnirin çinli iştirakçısı Dinq Lireni 2 həftə karantində saxlayırdılar? Elə onu da yarış ərəfəsi testdən keçirib zala buraxardılar da. Deməli, yetərli deyildi. Digər tərəfdən, turniri təşkil edən FİDE yalnız 8 nəfərin təhlükəsizliyinə məsuliyyət daşıyırdı? Yarışın açılış mərasiminə baxsaq görərik ki, “Yekaterinburq-ekspo” konqres mərkəzinin 3 min yerlik zalındakı qələbəlik bu günlərdə dünyanın heç bir yerində yoxdur.
chess-news.ru saytının da qeyd etdiyi kimi, federasiya tərəfindən dəvət edilən fotoqraf Lennart Otsun çəkdiyi və tamaşaçı ilə dolu 3 minlik zalı tam əks etdirən və FİDE-nin sosial səhifələrində ilk öncə nümayiş etdirilən şəkil sonradan yığışdırıldı. Bu idimi koronavirusa qarşı ciddi tədbir?
Hələ vacibliyə gəldikdə, Tokio Olimpiadası belə əhəmiyyətsiz yarış idi ki, təxirə salınırdı?
Nə isə, turnir başladı. Tamaşaçısız, iştirakçıların psixoloji təsir altında olduğu şəraitdə. Turnirin yarı dövrə davam edən hissəsi də bunu sübut etdi.
Yarış dayandırılandan sonra baş tutmuş ilk dövrənin keçirilməsinin əhəmiyyətini “28 parlaq partiya oynanıldı” sözləri ilə ifadə edən Dvorkoviçin cavabı elə Aleksandr Qrişşukun ilk turdan sonra dedikləridir: “Mən pis oynadım, Alekseyenko da, Giri – dəhşətli, Dinq – çox dəhşətli, Van Xao partiyanın ilk yarısında – o da sanki toyuq pəncəsi ilə… Vaşye-Laqravla Karuananı deyə bilmərəm, orada xüsusi mübarizə yox idi, məncə, tək Nepomnyaşiy yaxşı oynayırdı”.
Bu idimi parlaq partiyalar?
Qrişşukun daha sonrakı açıqlaması da nikbin deyil: “Bütün bu vəziyyətə görə oynamaq, əlbəttə ki, çox çətindir. Necə deyərlər, çamodan əhvalındayıq… Aydındır ki, istənilən tur sonuncu ola bilər. İstınilən halda yüksək oyun səviyyəsi gözləməyə dəyməz”.
Rusiyalının 5-ci turdan sonrakı əhvalına da baxaq: “Formam dəhşətlidir. Yaranan vəziyyətdə heç oynamaq istəmirəm. Turnir başlamamışdan mənim bu barədə dəqiq fikrim var idi. Ancaq indi tam əminəm: turnir dayandırılmalıdır. Düşmən atmosferi var. Bütün insanlar maskadadır. Bilmirəm, Oynamaq istəmirəm, burada olmaq da istəmirəm. Bütün tədbirlərin dayandırılması təsadüfidirmi? Oynayan tək biz qalmışıq”.
Hətta ilk dövrəni rəqiblərindən daha yaxşı nəticə ilə başa vurmuş rusiyalı Yan Nepomnyaşiydə də heç də hər şey qaydasında deyildi. 6-cı turdan sonra mətbuat konfransında onun öskürdüyü də diqqəti çəkdi. Müvafiq sualın cavabında o, “Məndə dəqiq hər şey qaydasında deyil… Turnirdə bütün atmosfer sağlamlığa yaxşı təsir etmir” – deyə bildirib.
Çinli van Xao da mətbuat konfransında yaxşı əhvalda deyildi: “Nepomnyaşiyin öskürəyini eşitmədim. Amma, ümumiyyətlə, mənə elə gəldi ki, Maksim (həmin gün rəqibi olmuş Vaşye Laqrav – red.) özünü heç də yaxşı hiss etmir. Oyun vaxtı görürdüm ki, ona rahat deyil… Ümid edirəm ki, turniri dayandırarlar. Bütün iştirakçılar özlərini yaxşı hiss etmirlər. Xaricilər isə xüsusilə. Axı onlara evə qayıtmaq da asan olmayacaq”.
Bəli, 7 turdan sonra turnir dayandırıldı. Amma bütün sadalanan hallara görə yox, sadəcə ayın 27-də Rusiyada bütün aviareyslərin dayandırlımaısndan sonra şahmatçıların evlərinə necə yola salınacağından narahatlığa görə.
Vladimir Kramnik yarışdan əvvəlki kimi, təxirdən də sonra sərt bəyanatla çıxış edib: “Belə şəraitdə məndə turnirə maraq belə azalmışdı. Turdan tura da daha çox itirdi. Bu bayramın dünyada baş verənlərə uyğun olmadığı hiss olunurdu. Düzü, partiyalara demək olar ki, onlayn baxmırdım. Turdan sonra qaçaraq izləyirdim… Saşa Qrişşuku əla başa düşürəm. Mən şəxsən belə şəraitdə oynaya bilməzdim. Problem hətta yoluxma riskində də deyildi – onlar hamısı cavan, sağlam adamlardırlar. Ancaq ətrafda baş verənləri oxuyur, izləyirlər. Məsələn, Saşanın uşaqları var. Hər kəsin valideyni risk qrupundadır. Onlara görə narahat olursan. Anlamıram ki, belə şəraitdə necə normal oynamaq olar… Heç kəsi mühakimə etmirəm. Sadəcə, hesab edirəm ki, turniri başlamaq səhv idi”.
Yarış dayandırıldıqdan sonra FİDE-yə müracət edən Azərbaycanın şahmat yığmasının üzvləri də eyni mövqedən çıxış edərək Teymur Rəcəbovun turnirə qatılmaqdan imtina etməsinin səbəbinin tək yoluxmadan ehtiyat etməsinin deyil, eyni zamanda bu cür şəraitdə yüksək səviyyədə oyun nümayiş etdirməyin mümkünsüzlüyü olduğunu bildiriblər. Məktubda qeyd edilir ki, FİDE belə şəraitdə turniri başlayıb və yarımçıq dayandırmaqla normal tam seçim prinsiplərini pozub, turniri qeyri-müəyyən müddətə hissələrə ayırıb, idmançıların sağlamlığını düşünməyib və belə qeyri-adekvat tədbirlərinə görə namizədlər turnirinin iştirakçıları və bütün şahmat dünyasının qarşısında məsuliyyət daşımalıdır.
Şahmatçılarımız FİDE-dən Teymur Rəcəbovu namizədlərin turnirinə qaytarmağı tələb ediblər. Müraciəti yığmanın üzvləri – Şəhriyar Məmmədyarov, Arkadi Naydiç, Rauf Məmmədov, Nicat Abasov və Qədir Hüseynov imzalayıblar.
FİDE-nin keçmiş vitse-prezidenti İlya Levitov hesab edir ki, bu qurumun indiki rəhbərliyi ilk növbədə üzr istəməli və izahat verməlidir. Nə baş verdiyini, qərarı kimin nə üçün verdiyini deməlidir.
Sergey Karyakin də yarış dayandırılandan sonra bunun gecikmiş addım olduğunu bildirib: “Ümumiyyətlə, yarışı keçirmək lazım deyildi. Mən bunu bir çox şahmatçılarla müzakirə etmişdim və onların hamısı deyirdi ki, yarışı keçirməyə dəyməz. Əgər bütün turnirləri təxirə salırlarsa ki, pis heç nə baş verməsin, bunu da başlamamaq daha yaxşı idi”.
Karyakiin onu da deyib ki, “əgər bütün şahmatçılar Rəcəbovla eyni cəbhədə olsaydılar, heç olmasa bir nəfər onu dəstəkləsəydi, bütün bunlar baş verməzdi”.
Dvorkoviç də «Rəcəbovdan başqa necə iştirakçı turnirdən əvvəl etiraz etməli idi ki, turniri təxirə salmaq qərarını verəydiniz?» sualının cavabında “Mən vəziyyəti hər kəslə müzakirə etməyə hazır olmuşam… Əsas məsələlər FİDE Şurasına müzakirəyə çıxarılırdı. Turniri başlamaq qərarını Şura dəstəklədi. Bu mənim şəxsi qərarım deyil. Şura məni dəstəklədi… Teymurun məlumatında mənim xoşuma gəlməyən onun ultimatum kimi görünməsi idi. Bu, müzakirə etmək istəyi deyildi. O, dərhal bizi seçim qarşısında qoydu – ya siz mən təklif etdiyim kimi edirsiz, ya da mən iştirak etmirəm. Bunu qəbul etmirəm” deyə izahat verib.
Axı təşkilatçıların qınanmasına səbəb Rəcəbovu nə üçün fransalı ilə əvəz edilməsi yox, onun hər hansı şəxsi tələbini dinlənməməsi yox, yarışın bu dönəmdə keçirilməsinin düzgün olmadığı kimi haqlı qaldırdığı məsələ idi. Əgər Teymur haqlı olmasaydı heç bir qınaq da olmazdı. Məsələ də heç də Teymurun haqlı olmasında deyil, kimin deməsindən asılı olmayaraq, turniri keçirmək kimi yanlış qərar verilməsindədir. Və bu qərarın acı nəticəsi tək Teymurun turnirdən kənar qalaraq, Karlsenlə tac duelinə çıxmaq şansını itirməsində deyil. Bəs bu oyunda kim uduzdu, kim uddu? Əlbəttə ki, bütövlükdə şahmat uduzdu, bütün rəngini itirən, sanki fərqli ayrı-ayrı yarış kimi arasındakı fasilənin də nə qədər olacağı bəlli olmayan namizədlər turniri uduzdu, bu turnirdə necə oynadıqlarını anlaya bilməyən iştirakçılar uduzdu, turnirdən kənar qalması ilə Rəcəbov uduzdu, və ən nəhayət, yanlış qərarı ilə bütün bunlara səbəb olan FİDE uduzdu.
İndi turnirin necə davam edəcəyi də böyük sual altındadır. Rəcəbov haqlarının bərpa olunmasını itəyir. Və bu fikirdə olan tək Rəcəbov, ya Azərbaycan şahmatsevərləri deyil. Bütün dünya üzrə müxtəlif fikirlər səslənir. Ancaq onu deyim ki, istənilən variant artıq ideal olmayacaq. Hər variantın azlı-çoxlu kimlərisə narazı salacaq, kimlərinsə haqqını tapdalayacaq məqamları var. Artıq sındırılan şüşəni indi tam bərpa etmək mümkün olmayacaq. Və bütün bunların peşimanı kim olacaq? (“İdman”)