- Baxış sayı: 38
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Rumıniya paytaxtı Buxarestdə yeniyetmələrin Avropa çempionatında tarixi uğura nail olan sərbəst güləşçilər Vətənə dönüb. Allsport.az saytı xəbər verir ki, 6 qızıl, 1 gümüş və 2 bürünc medalla komanda hesabında qalib olan komandanı Heydər Əliyev beynəlxalq aeroportunda böyük çoşqu ilə qarşılanıb. Millinin böyük məşqçisi Əsgərxan Novruzov nəticəni belə şərh edib:
“Tarixi qələbə münasibətilə bütün Azərbaycan xalqını təbrik edirik. Bu uğurların səbəbkarı idmana diqqət və qayğı göstərən cənab prezidentimizdir. U-23 və böyüklərdən ibarət yığma komandanı qəbul etdi. Bu da yeniyetmələr üçün böyük stimul oldu. Var gücləriylə bu yarışa hazırlaşdılar və yarışdılar.
Qarşımıza hədəf qoymuşduq ki, biz də Avropa çempionu olaq. Şükür Allaha ki, buna da nail olduq. Federasiya rəhbərliyinə və millinin məşqçilər korpusuna komandamız adından təşəkkür edirik. Bu uğurda hər kəsin payı var.
2013 və 2014-cü ildə keçirilən Avropa çempionatlarında 4 qızıl medal qazanmışdıq. Bu dəfə hədəfimiz 5 qızıl almaq idi. Allah 6 qızıl medalı bizə qismət elədi. Ölkə çempionatından sonra Xaçmazda 3 təlim-məşq toplanışı keçdik. Yüksək səviyyədə hazırlaşdıq. Uşaqlar var gücüylə güləşdi.
Məşqçi kimi razı qaldıq. 4 qızıl medal aldığımız ilk gün Mübariz İbrahimovun şəhid olduğu gün idi. Həmin gün 3 erməni güləşçiyə qalib gəlmişdik. Bütün medallarımızı şəhidlərimizə həsr edirik. Onların ruhu şad olsun. Azərbaycan idmanı zirvələrdədir. Daim orda qalmasına çalışırıq”.