“Bütün bu problemlər olmasaydı, komanda hesabında dünya çempionu ola bilərdik”

Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatında 1 dəst medalla komanda hesabında 3-cü yeri tutan yunan-Roma güləş millimiz vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, Heydər Əliyev beynəlxalq aeroportunda qarşılanmada böyük məşqçi Nurəddin Rəcəbov bunu deyib:

“Çox güclü yarış keçdi. Bir neçə böyüklər arasında dünya və Avropa mükafatçısı bu yarışda məğlub oldu. Bu da yarışın səviyyəsindən xəbər verir. Son 3 ilin ən yaxşı nəticəsinə nail olduq. 50-ə yaxın komanda içində III yerə çıxmaq fəxr ediləsi durumdur. Fürsətdən istifadə edib, göstərdiyi dəstəyə görə güləş federasiyasının rəhbərliyinə təşəkkür edir, bütün güləş ailəsini təbrik edirəm.

Vaxtı-vaxtında təlim-məşq toplantılarımız olmasaydı, təbii ki, nəticələrimiz də zəif olardı. İdmançılar o zaman artır ki, təlim-məşq toplantıları olur, rejimdə olurlar. Tural Əhmədovla Davud Məmmədovun zədələri var idi. Bu da çıxışlarına ciddi təsir göstərdi. Seymur Qasımovdan da medal gözləyirdik.

Alınmadı. Bəzi mübahisəli hakim qərarlarını da qeyd edə bilərəm. Bütün bu problemlər olmasaydı, komanda hesabında dünya çempionu ola bilərdik. Buna da şükür. Bu uğurda zəhməti olan hər kəsə minnətdarlığımı bildirirəm”.

Həmin kateqoriyadan