Cavanşir Qurbanov: İdmançılara dövlət tərəfindən hər cür qayğı göstərilir

“Son günlər güləş ailəsində baş verən xoşagəlməz olaylar, məni güləşə doğma bir insan olaraq hədsiz dərəcədə narahat etdi. İllərlə bu idman növünün quruculuğunda olmuş bir vətəndaş kimi onu deyə bilərəm ki, müstəqilliyimizin ilk çağlarında maliyyə çətinliklərinə, təlim-məşq toplantılarının olmamasına, maaşların çox az miqdarda verilməsinə, maddi texniki bazanın zəif olmasına, lazımi idman inventarının azlığına baxmayaraq, güləş idman növü həmişə yüksək və stabil nəticələri ilə fərqlənir və ən əsası Azərbaycanımızın milli idman növü olduğunu dünyaya sübut edib”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Əməkdar bədən tərbiyəsi və idman xadimi, MOK-un üzvü Cavanşir Qurbanov deyib. O, bildirib ki, Azərbaycanda idmana dövlət qayğısı var: “Bu gün biz güclü dövlətik. Azərbaycan prezidenti İlham Əliyevin idmana xüsusi diqqət və qayğısı var və bu dəstək nümunəsi heç bir digər dövlətlərdə yoxdur. Bu da idmanı, vətəni, bayrağı sevən vətənpərvər idmançı üçün yetərlidir”.

Cavanşir Qurbanov idmançıların etirazına da münasibət bildirib və buna görə məşqçi korpusunu qınayıb: “Güləş ailəsində baş verən anlaşılmamazlıqlar məşqçi korpusunun ideoloji işinin tam peşəkarcasına aparılmamasının nəticəsidir. Buna görə güləşçilər sosial şəbəkələrdə ictimai qınağ obyektinə çevriliblər. Mən bir idman xadimi kimi, illərlə güləşdə zəhməti olan bir Azərbaycan vətəndaşı olaraq bir ata kimi idmançılarımıza onu tövsiyə edirəm ki, hər kəs onun üzərinə düşən öz işi ilə məşğul olmalı və qarşıdan gələn güləş üzrə dünya çempionatına məsuliyyətlə hazırlaşaraq ölkəmizə yüksək nəticələrlə qayıtmalıdırlar. Məşqçilərimizə onu tövsiyə edirəm ki, idmançıları diqqətlə dinləyib, növbəti dövr üçün konseptual sənəd hazırlasınlar. Biz bu gün Mübariz İbrahimov kimi qəhrəmanlarla öyünürük. Sizi də gənclərimiz bu qəhrəmanlar sırasında qəbul edərək, sizdən nümunə götürürlər. Sizin əməlləriniz gənclərimizə örnək olmalıdır”.

Cavanşir Qurbanov mətbuat nümayəndələrinə də müraciət edib: “Biz həmişə birləşməyi bacaran, çətinliklərdən düzgün çıxış yolu tapa bilən insanlarıq. Vaxtilə Rəsul Çunayevin erməni idmançısına məğlubiyyətini tənqid və təhqirlər deyil, əksinə dəstək olub onu ruhlandıran və yenidən erməni və digər rəqiblərə qalib gəlməsi üçün zəmin yaradan bizim sizlərlə birliyimiz oldu və olacaq”.

O idmançıların şəraitindən də danışıb və deyib ki, onlara hər cür qayğı göstərilir: “Onu da xatirladım ki, bu gün hər bir yığma üzvü, məşqçilərimiz və hakimlərimiz idmanla yanaşı bu və ya digər sahələrdə işlə təmin olunmaqla yanaşı sosial məişət problemləri öz həllini tapır. Böyük əksəriyyəti isə Dövlət qulluğunda mühüm vəzifələrdə çalışırlar. İllərlə göstərilən diqqət və qayğını unutmaq və danmaq olmaz! Əminliklə deyə bilərəm ki, Gənclər və İdman Nazirliyimiz, Milli Olimpiya Komitəsi, fedrasiyalar, idman cəmiyyətlərinin və klubların birgə fəaliyyəti hələ uzun illər müstəqil Azərbaycanımıza yeni-yeni idmançı adlarını bəxş edəcək, yüksək nəticələrlə ölkə prezidentinin bu qayğısı müqabilində cavab olaraq xalqımızı qalibiyyət himni ilə sevindirəcək. Sonda isə Sizə bir atalar sözünü xatırladım: “Gözütoxa ağzındakı yetər, acgözə dünya yetməz!”

Həmin kateqoriyadan