Cümhuriyyətin və Azərbaycan ordusunun 100 illiyinə üzgüçülük estafetində 3 qalib komanda

Bu gün Azərbaycan Xalq Cumhuriyyətinin və Silahlı qüvvələrin 100-illiyi münasibəti ilə Böyük Zirə adası – Dənizkənarı milli park marşrutu üzrə üzgüçülük estafeti keçirildi. Allsport.az saytı xəbər verir ki, gənclər və idman nazirliyinin dəstəyi və baş idarənin təşkilatçılığı ilə keçirilən tədbir ilk dəfə 1981-ci ildə olub. Rəqabətdə müdafiə, fövqəladə hallar və daxili işlər nazirliklərini, dövlət təhlükəsizliyi və dövlət sərhəd xidmətlərini, dövlət gömrük komitəsini və Bakı su idmanı sarayını təmsil edən komandaların heyətində ümumilikdə 100-ə yaxın idmançı mübarizə apardı.

Səhər 08:00-da iştirakçılar adaya səmt aldılar. Bir saat sonra yarış başladı. Start atəşini pnevmatik tapançadan nazirAzad Rəhimov açdı. Üzgüçülər Böyük Zirə adasından Dənizkənarı Milli Park ərazisindəki Saat Qülləsinin olduğu istiqamətədək 10 kilometrədək məsafəni 3 saatadək qət etdilər. Gərgin mücadilədə daxili işlər nazirliyinin komandası qalib oldu. Bakı su idmanı sarayının təmsilçiləri 2-ci, dövlət sərhəd xidməti 3-cü yer tutdular.

Yarışın açılışında Azərbaycan Respublikasının dövlət himni səsləndirdi. Mükafatlandırmada gənclər və idman naziri Azad Rəhimov, dövlət təhlükəsizliyi xidmətinin rəisi, Azərbaycanın Milli Qəhrəmanı, general-leytenant Mədət Quliyev, milli olimpiya komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə və Xəzər İsayev, MOK baş katibinin müavini Azər Əliyev, hərbi dəniz qüvvələrinin komandanı vəzifəsini icra edən, 1-ci dərəcəli kapitan Zaur Hümmətov, dənizkənarı bulvar idarəsinin rəisi İlqar Mustafayev, dövlət dəniz agentliyinin sədri Qüdrət Qurbanov, Bakı şəhər gənclər və idman baş idarəsinin rəisi Raqif Abbasov, Səbail rayon icra hakimiyyətinin başçısı Eldar Əzizov, olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftəhəddinova, Elnur Məmmədli və güc strukturlarının idman cəmiyyətlərinin rəhbərləri iştirak etdilər.

 

Həmin kateqoriyadan