Daha iki bürünc

Yunanıstanın paytaxtı Afinada keçirilən U17 dünya çempionatına yekun vurulub.

Allsport.az xəbər verir ki, son yarış günündə Azərbaycanın 4 çəkidə güləşçiləri medallar uğrunda mübarizə aparıb.

Onlardan ikisi fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Həsən Həsənov (60 kq) təsəlliverici görüşlərdə yunanıstanlı Pavlos Ntiantiadislə qırğızıstanlı Uluğmən Jekşənqulov (7:2) üzərində inamlı qələbə qazanıb. Həmyerlimiz həlledici qarşılaşmada kanadalı Natan Naşı minimal fərqlə (5:4) üstələyərək bürünc medal qazanıb.

Ramal Mirhüseynov (51 kq) təsəlliverici görüşdə hindistanlı Danraj Jamnikə 4:7 hesabıyla məğlub olub.

Rəşad Veysəlov (71 kq) ilk təsəlliverici görüşdə gürcüstanlı Koba Qoquadzeyə 12:10 hesabıyla qalib gəlsə də, ikinci təsəlliverici görüşdə özbəkistanlı Fərruxbəu Cümənəzərova “tuş”la uduzub.

Səid Paşayev (92 kq) təsəlliverici görüşdə ukraynalı Samir İbişovdan güclü olub – 2:0. Avropa çempionu bürünc medal uğrunda qarşılaşmada isə qazaxıstanlı Beibaris Yerqaliyə 5:3 hesabıyla qalib gələrək dünya üçüncüsü olub.

Beləliklə, Azərbaycan yığması mundialı 1 qızıl, 3 bürünc medalla başa vurub.

Ötən gün Hüseyn İsmayılov (65 kq) dünya çempionu olmuş, Hakim Tağıyev (110 kq) isə üçüncü yeri tutmuşdu.

Azərbaycan 90 xalla komanda hesabında 4-cü pillədə qərarlaşıb və ilk “3-lüy”ü qapayan Qazaxıstandan cəmi 1 xal geri qalıb. ABŞ 154 xalla dünya çempionu olubsa, İran 150 xalla ikinci yeri tutub.

Həmin kateqoriyadan