- Baxış sayı: 32
- 28 Noyabr 2024 19:10
- Baxış sayı: 92
- Noyabr 28, 2024
- 0
Futbol yarışlarında nəticələrin manipulyasiya hallarına qarşı mübarizə aparılması AFFA-nın əsas fəaliyyət istiqamətlərindən biridir. Allsport.az saytı xəbər verir ki, bu sahədə futbol ictimaiyyəti üçün mütəmadi maarifləndirmə işləri aparılır və neqativ əməllərdə iştirakı şübhəli bilinən futbol subyektləri cəzalandırılır.
“Danışılmış oyun” yarışın toxunulmazlıq prinsipini təhlükəyə atır və idman dəyərlərinə xələl yetirir. AFFA-nın yarışın toxunulmazlığı ilə əlaqəli nizam-intizam qaydaları bəllidir. Bundan əlavə, artıq uzun müddətdir ki, futbol yarışlarında manipulyasiya halları ilə mübarizədə AFFA yerli klublar ilə əməkdaşlıq edir. Məlum olduğu kimi, Azərbaycan Futbol “Premyer Liqası”nda və UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması üzrə qaydalarında “A” Dərəcəli meyar olaraq, klublarda “Danışılmış oyunlar”a qarşı məsul şəxslər təyin edilib.
Bu gün AFFA-nın inzibati binasında maarifləndirmə məqsədilə Premyer Liqa və Birinci Divizion klublarının “Danışılmış oyunlar”a qarşı məsul şəxsləri üçün seminar təşkil olunub. UEFA-nın danışılmış oyunlarla bağlı Azərbaycan üzrə nümayəndəsi Seymur Səlimli “Danışılmış oyun haqqında nələri bilməliyik?” və “Bizim hədəfimiz sizi və futbolumuzu qorumaqdır” mövzularında mühazirə oxuyub, maarifləndirici və hesabat xarakterli təqdimatlar edib. Seminarda “Danışılmış oyunlar”a qarşı mübarizə mövzusunda olduqca əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb, təqdim edilən məlumat və prezentasiyalar əsasında yoxlama testləri keçirilib.
İdman yarışlarının manipulyasiyası haqqında konvensiya, Azərbaycan cinayət məcəlləsinə, bədən tərbiyəsi və idman haqqında qanuna bir sıra əlavə və dəyişikliklər, eləcə də intizam komitəsinin intizam məcəlləsinə edilmiş əlavə və dəyişikliklər haqqında seminar iştirakçılarına məlumat verilib. Seminarın sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.