“Difai”də daxili toplantı. Tapşırıq verildi, islahata başlandı

1-ci liqada mübarizə aparan “Difai” futbol klubunun iç toplantısı keçirilib. Allsport.az saytı xəbər verir ki, rəhbərlik komanda üzvləri ilə görüşüb. İlk 6 turda çıxış, hazırlıq və gələcək planlar müzakirə olunub. Prezident Asəf Məlikov nəticələrin onları qane etmədiyini, tezliklə vəziyyəti düzəltməyin lazım olduğunu bildirib.

O, artıq islahatların başladığını və bunun qış fasiləsinədək davam edəcəyini söyləyib, baş məşqçi vəzifəsini müvəqqəti həyata keçirən Elgiz Kərəmliyə inandıqlarını deyib. Eyni zamanda vurğulayıb ki, “Difai” turnir cədvəlinin aşağı pillələrində qərarlaşa bilməz, hədəf maksimum dərəcədə irəliləyişə nail olmaqdır.

Vitse-prezident Cavidan Qorçıyev, öz növbəsində, “Difai” adının əhəmiyyətindən danışıb, tarixi təşkilatın atributlarını formasında daşıyan futbolçuları bir qədər də məsuliyyətli olmağa səsləyib. Bildirib ki, klubun maddi-texniki bazası bundan sonra daha da yaxşılaşdırılacaq, heyətin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.

Həmin kateqoriyadan