Digərlərindən fərqli, Fəcr kubokunda ağır atletlərimiz fəxri kürsüyə niyə ölkə bayrağında çıxmır

Deyəsən, İranda sərbəst güləş millimizin başına gələn son bayraq təxribatından dərs götürməyib

Arazın o tayında ağırlıqqaldıranların Fəcr kuboku keçirilir. Bu yarışda milli komandamız da çıxış edir. İlk günlərin nəticəsinə əsasən, Ruslan Rzazadə (56 kq), Allahyar Abışov (62 kq) və Sənan Mirzəyev (85 kq) Azərbaycana bürünc medal qazandırıblar. İdmançılarımızın bu uğuruna sevinsəm də, bir məqam narahat doğurur. Mükafatlandırmada fəxri kürsüyə çıxan ağır atletlərimizin heç biri ölkə bayrağını nümayiş etdirmir. Bizimlə müqayisədə, digər fərqlənən əcnəbi ağırlıqqaldıranlar bunu fəxrlə edirlər. Aaaf.az saytının yarış məkanından təqdim etdiyi şəkilləri seyr etdikdə, yaxşı mənzərə alınmır: bizimkilər sanki baxımsız, yalqız görünür. Milli bayrağımız dünya azərbaycanlıların qürur mənbəyidir! Odlar yurdu buna böyük dəyər verir. Azərbaycan prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 18-də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı günü kimi qeyd olunur. Həmin gün qeyri-iş günü olan bayramların siyahısına daxildir.

Belə bir atalar məsəli var: «Ehtiyat igidin yaraşığıdır». Böyük ehtimalla, komanda İrana bayraqsız gedib. Amma çox nahaq yerə. Çünki cənub qonşularımız Azərbaycana qarşı az bayraq təxribatı etməyiblər. Yəqin, oxucularımız ötən ay Kirmanşahda keçirilən sərbəst güləş üzrə dünya kubokunun gedişində qalmaqalı yaxşı xatırlayırlar: Azərbaycan millisi Rusiya pəhləvanlarına qarşı ilk görüşdə salamlamaya çıxarkən, təşkilatçıları təmsil edən bələdçi Azərbaycan adına qəribə bayraqla görünüb –  ölçü və rəngdə tələblərə cavab verilməyib, aypara və 8 guşəli ulduz ortada deyil, qıraqda yerləşdirilib. Molla rejiminin təxribatını dərhal hiss edən millimizin baş məşqçisi Firdovsi Umudov məsələyə dərhal öz etirazını bildirmişdi. Bundan sonra farslar çatışmamazlığı yoluna qoyacaqlarına dair söz versələr də, bizimkilər buna arxayın olmayaraq mehmanxanadan öz bayrağımızı gətirilməsini istəyiblər.

Komandamızın yarış zalını tərk etmək imkanı olmadığından, onlar mehmanxanada öz otaqlarının açarını təşkilatçılara təqdim ediblər. Artıq Gürcüstan yığması ilə 2-ci görüşdə sərbəst güləşçilərimizin yanında əsl Azərbaycan bayrağı olub.
Fəcr kubokunun keçirildiyi Əhvaz şəhəri İranın Cənüb-Qərb bölgəsində yerləşir. Orada farslar çoxluq təşkil edir. Demək, təxribat ehtimalı yüksəkdir. Ümid edək ki, sərbəst güləş millimizin başına gələn bu təxribatdan sonra, nəinki ağırlıqqaldırma üzrə yığmamız, digər idman növlərimizin komandaları ölkə xaricinə, özəlliklə, Arazın o tayına yollandıqda, işlərini ehtiyatlı tutacaqlar.

Kamran HACI

 

 

 

 

 

 

 

Həmin kateqoriyadan