- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Amerika Birləşmiş Ştatlarının Las Veqas şəhərində 2016-cı ildə Braziliyanın Rio-de Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına ilk lisenziyaların qazanıldığı güləş üzrə Dünya çempionatı davam edir. Allsport.az xəbər verir ki, Yunan-Roma güləşi üzrə yığma komandamız Rio Olimpiadasına 6 mümkün lisenziyadan 4-ünü (Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq) və Sabah Şəriəti (130 kq) qazanıb və lisenziya sayına görə, Rusiya ilə bərabər ilk sırada qərarlaşıb. Çempionatı 1 qızıl (Rəsul Çunayev, 71 kq) , 1 gümüş (Rövşən Bayramov, 59 kq) və 1 bürünc (Saman Təhmasibi, 85 kq) medalla başa vuran yunan-Roma güləşi üzrə millimiz komanda hesabında 39 xal toplayaraq ikinci olub. İlk sıranı 46 xalla Rusiya, üçüncü yeri 35 xalla Ukrayna komandası tutub.
Mundialda uğurla çıxış edən yunan-Romaçılarımız artıq Vətənə dönüblər. Pəhləvanlarımızı Heydər Əliyev Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, idmançıların yaxınları və media nümayəndələri qarşılayıb.
Milli komandanın böyük məşqçisi Nurəddin Rəcəbov güləşçilərimizin çıxışını belə şərh edib: “Dünya çempionatına böyük ümidlərlə yollanmışdıq. Qarşımızda duran əsas tapşırıq Rio Olimpiadasına bacardıqca çox lisenziya qazanmaq idi, eyni zamanda, dövlət himnimizi səsləndirmək idi. Şükürlər olsun, məqsədimizə nail olduq. Yunan-Roma güləşçilərimiz Olimpiya Oyunlarına 4 lisenziya qazandılar. Qarşıdakı turnirlərdə lisenziya sayını maksimuma çatdıracağımıza əminəm.
Təşkilatçılıq və hakimlik barədə çox danışmaq istəməzdim. Bizim işimiz xalça üzərinə çıxıb güləşmək, ustalığımızı nümayiş etdirmək və ölkəmizin bayrağını ucalara qaldırmaqdır. Əlbəttə, bəzi görüşlərdə hakimlərin haqsız qərarlarıyla da üzləşdik. Amma idmanda belə hallar olur”.
71 kq çəki dərəcəsində Dünya çempionatının qızıl medalını qazanan Rəsul Çunayev mundiala yaxşı hazırlaşdığını və əziyyətinin hədər getmədiyini söyləyib: “Çox xoşbəxtəm. Məqsədim qızıl medal qazanmaq idi və buna nail oldum. Avropa və dünya çempionatlarında uğur əldə etmişəm. İndi əsas məqsədim Olimpiya Oyunlarında himnimizi səsləndirməkdir. Bunun üçün çox çalışacam və ümid edirəm ki, məqsədimə nail olacağam.
Görüşlərin çətin keçdiyini deməzdim. Yaxşı hazırlaşmışdım və özümə inanırdım. Müəyyən qədər yerli vaxta alışmaq çətin oldu ki, bunu da federasiya rəhbərliyi əvvəlcədən düşünmüşdü. Yəni bizi Amerikaya 1 həftə əvvəl göndərmişdilər. Finalda erməni əsilli rəqibimə qalib gəldim. Bunun üçün ikiqat sevincliyəm. Növbəti görüşlərə böyük ehtimalla başqa çəkidə çıxacam. Çünki Olimpiya Oyunlarına getmək istəyirəm. Hər halda, qərarı məşqçilər verəcək”.