- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün olimpiya dərəcəli hakim Hicran Şərifov üçün əlamətdardır. Allsport.az saytı xəbər verir ki, dünya şöhrətli mütəxəssis 52-ci ad gününü qeyd edir. O, 1965-ci ildə avqustun 1-də Bakının Əmircan qəsəbəsində dünyaya göz açıb. Uşaq vaxtlarından yunan-Roma güləşinin sirlərini öyrənib. Orta məktəbi bitirdikdən sonra Azərbaycan Neft və Kimya Akademiyasına qəbul olub. 1993-cü ildən Daxili İşlər Nazirliyinin işçisidir. 2001-2005-ci illərdə Polis Akademiyasına oxuyub. Uzun müddətdir həmin təhsil ocağında “Fiziki hazırlıq kafedrasının” müəllimidir, polis polkovnik-leytenantı, hüquqşünas və Qarabağ müharibə veteranıdır.
Bununla yanaşı, o, 1999-cu ildən “Neftçi İdman Klubu” İctimai Birliyində məşqçi-müəllim vəzifəsində işləyir. “Cəngi” Güləş Klubunun sədridir. 2013-cü ildən Milli Olimpiya Komitəsinin təftiş komissiyasına rəhbərlik edir. Onun idmanda uğuru məşqçi və hakimliklə bağlıdır.
Tələbələri Rövşən Bayramov Pekin və London yay olimpiya oyunlarının gümüş mükafatçısı, Avropa və dünya çempionudur. Elman Muxtarov Sinqapur-2010 yeniyetmələrin olimpiadasının qalibi və Bakı-2015-in bürünc medalçısıdır. Elnur Həsənov, Seymur Hüseynov, Şəbnəm Əhmədova və Fail İsgəndərov yeniyetmə və gənclərdə fəxri kürsünün ən yüksək pilləsinə çıxıblar.
Hicran Şərifov 3 olimpiya oyunlarında (Pekin, London, Rio) referilik edən yeganə azərbaycanlıdır. Böyük Britaniya pataxtında “Dünyanın ən yaxşı güləş hakimi” elan olunub və “Qızıl fit” mükafatına layiq görülüb. Rio-2016-da baş vermiş 2 hadisə onu daha məşhurlaşdırıb: qadınların 3-cü yer uğrunda mübarizəsində, isveçli Sofiya Mattsson çinli Çjun Syueçun (53 kq) üzərində qələbəni bayram edərkən, xalça hakimi olan həmyerlimizi qucaqlamışdı. Bu nadir olay güləş ictimaiyyətinin diqqətini çəkmişdi.
Kişilərin 65 kq-da Mandaxnaran Qanzoriqiyn (Monqolustan) – İxtiyar Novruzov (Özbəkistan) arasında bürünc medal üçün tutaşmada adı ilk çəkilən 7:6 irəlidə olub. Qarşılaşmanın bitməsinə bir neçə saniyə qalmış monqol pəhləvan rəqabəti davam etdirmək əvəzinə, mübarizdən yayınıb və 2 əlini qaldıraraq, qələbə döşəkdə bayram edib. Erkən sevinc ona baha başa gəlib. Çunki buna görə Hicran Şərifov özbək güləşçinin xeyrinə daha 1 xal verib. Belədə, hesab bərabərləşib. Amma türk idmançı xalı sonuncu aldığından, qələbə ona verilib. Monqol tərəfi o qədər sevincək olub ki, həlledici anı görməyiblər və məşqçilər öz güləşçilərini qucaqlayaraq təbrik ediblər. Məsələ onlara agah olanda, ara qarışıb. Məğlub tərəfin çalışdırıcıları etiraz maskotu atıblar. Ancaq görüşün hakimi bunu qəbul etməyib. Buna etiraz olaraq, hər 2 monqolustanlı mütəxəssis xalçada hamının gözü qarşısında üst idman geyimlərini çıxarıb, yarıçılpaq olublar. Xeyli gərginlikdən sonra protestə baxılıb və özbəkistanlı pəhləvana daha 1 xal verilib. Mandaxnaran Ganzorig yekunda rəqibini təbrik etsə də, döşəyin mərkəzinə gəlməkdən boyun qaçırıb.
Hənyerlimiz Əməkdar məşqçi, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi”dir, “Tərəqqi”, “Şöhrət” və “Olimpiya” ordenləri alıb, “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltiflənib, DİN tərəfindən “Qüsursuz xidmətə görə” 1-ci, 2-ci və 3-cü dərəcəli medallar və “Əla xidmətlərə görə” döş nişanı alıb. Elmi iş sahəsində pedaqoqika üzrə fəlsəfə doktorudur. Ailəlidir, 5 övladı və 2 nəvəsi var.