Elxan Məmmədov: Eddi millidə heç bir məbləğ ödənmədən oynayacaq

Xəbər verdiyimiz kimi, AFFA ilə İspaniyanın “Qranada” klubunda çıxış edən əslən azərbaycanlı Eddi İsrafilov arasında futbolçunun yığmamızda oynaması ilə bağlı danışıqlar aparılırdı. Allsport.az xəbər verir ki, futbolçunun anası və meneceri bu gün Bakıda olub, AFFA-nın baş katibi Elxan Məmmədovla görüşüb.

Görüş başa çatdıqdan sonra assosiasiyanın inzibati binasında AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

“İlk növbədə qeyd etmək lazımdır ki, uzun müddətdir Eddi ilə danışıqlarımız davam edirdi. Onları Bakıya dəvət etdik. Təəssüflər olsun ki, Eddi özü klubunun məşqi olduğu üçün gələ bilmədi. Lakin onun anası dəvətimizi qəbul edib 17 illik fasilədən sonra vətəninə qayıtdı. İradə xanım Bakıya xoş xəbərlə gəldi və dedi ki, Eddi Prosineçkinin dəvətini gözləyir. 2012-ci ildən onunla əlaqə saxlayırdıq. Onun valideynləri, meneceri ilə söhbətlərimiz olmuşdu. O zaman Eddinin 22 yaşı var idi və La Liqada oynamırdı. Onun potensialı tam görünmürdü. Həm bizim, həm onun tərəfindən şübhələr var idi. Həm də o, İspaniya yığmasından da dəvət gözləyirdi. Əvvəllər onun agenti ilə danışırdıq. O bizdən müəyyən məbləğ istəmişdi. Biz bununla razılaşmadıq. Millidə oynamaq üçün heç bir futbolçuya pul ödəmirik. Yığma klub deyil ki, burda çıxışına görə futbolçuya pul ödənilsin. Son vaxtlar onun anası ilə danışırdıq. Sonda bizim siyasətimizə uyğun olaraq, heç bir məbləğ ödənmədən Eddi millidə oynamağa razılıq verdi”.

Həmin kateqoriyadan