Amal ABIŞOV
Elxan Məmmədovun 3 aylıq yalanı

AFFA-nın baş katibinin paytaxtımıza olan sevgisindən dəfələrlə söz açmışıq. 17 yaşadək futbolçulardan ibarət komandalar arasında ölkəmizdə keçirilən Avropa çempionatının oyunlarının hamısının Bakıya təyin olunması onun bu sevgisindən xəbər verirdi. Halbuki qrup oyunlarından bəzilərinin Qəbələyə və ya Lənkərana salınması bölgədə yaşayan azarkeşlər üçün böyük bayrama çevrilərdi. Üstəlik, heç kimə lazım olmayan “Dalğa Arena”nın ot örtüyünün dəyişdirlməsinə çəkilən xərclə əyalət klublarının hansınınsa infrastrukturuna yatırım etmək, dəstək olmaq mümkün idi.

Məhz onun “məqsədyönlü fəaliyyətinin” bəhrəsidi ki, bu gün Azərbaycan Premyer liqası “Bakının açıq çempionatı”na çevrilib, bölgə klubları bir-bir sıradan çıxarılıb. Ölkənin ən qocaman klublarından biri sayılan “Kəpəz”i AFFA-nın oyuncağına çevirməklə gəncəli azarkeşləri çempionatdan iyrəndirib, zirvələrin adaşı olan klub hörmətdən salınıb.

Əyalətdə yaşayan futbolsevərlərin millimizə həsrət qalması da bu siyasətin fəsadlarıdı. Dünyanın hər yerində milli komandanın fərqli stadionlarda oynaması, bununla da ən müxtəlif şəhərlərdə, bölgələrdə yaşayan azarkeşlərin öz millisini iş başında görüb, həyacanla dəstək vermək şansı qazanması ənənəsi var. Azərbaycanda isə bunun əksinədi. Millimiz Bakıya həbs olunub. İllərdi AFFA-nın milyonlarla büdcəsi göyə sovrulur, qurum əməkdaşları xanın nəsil-nəcabəti kimi yaşayır, xarici səfərlərə “biznes klass”larda yollanıb, “beşulduzlu” otellərdə gecələyirlər. Amma rayonlarda yaşayan sıravı azərbaycanlı öz milli komandasının oyununu stadionda izləmək xoşbəxtliyini yaşaya bilmir. Millimiz sonuncu dəfə Finlandiya ilə oyunu Lənkəranda qarşılaşıb. Cənub şəhərinin rəhbərliyi, “Xəzər Lənkəran” rəsmiləri, bölgədə yaşayan çılğın azarkeşlər bu oyunun yüksək səviyyədə təşkili üçün hər şey etmişdilər. Nəticədə finlərlə qarşılaşma heç bir “ÇP” olmadan tarixin yaddaşına qovuşdu. Amma davamı gəlmədi…

Bu ilin avqustunda həmkarlarımın qarşısında növbəti “ütülü” açıqlamalarını verən Elxan Məmmədova bu barədə sual ünvanlanmışdı. Birlikdə xatırlayaq:

– Növbəti seçmə mərhələdə millinin ev oyunlarında stadion rotasiyası gözlənilir? 
– Çox güman ki, rotasiya olacaq. Biz oyunların əksəriyyətini Bakı Olimpiya Stadionunda keçirməyi planlaşdırırdıq. Ancaq məsələyə baş məşqçi ilə baxdıq, düşündük. Gələn il ölkəmizdə keçiriləcək İslam Həmrəyliyi oyunlarını da nəzərə almaq lazımdır. Bunların hamısı nəzərə alınaraq, digər stadionlar da istifadə olunacaq. UEFA-nın tövsiyəsi var ki, seçmə mərhələdə bir stadion istifadə olunmalıdır.

Bu dəfə cənab baş katib günahı UEFA-nın üzərinə atır. Guya ki, onlar millini bölgələrə aparmaq istəyirlər, amma UEFA buna icazə vermir. UEFA həqiqətən belə bir tövsiyə veribsə, niyə ona bizdən başqa əməl edən yoxdu? Olmaya, qitənin ali futbol qurumunda oturanların gözü ancaq bizi görür, belə sərsəm tövsiyələri ancaq bizə ünvanlayırlar?
Baş katibin sözlərinin həqiqəti əks etdirmədiyini isbatlamaq üçün elə də dərin araşdırmaya ehtiyac yoxdu. Çox asanlıqla onun tövsiyə haqda dediklərinin yalan olduğunu üzə çıxarmaq mümkündü.

Çex Respublikası millisi bizimkiləri Ostrava şəhərindəki “Mestskiy Stadion”da qəbul etmişdi. Norveçlə oyun isə paytaxt Prqada yerləşən “Eden Arena”da keçirildi. Daha bir nümunəni Türkiyədən göstərmək mümkündü. Ukrayna ilə bərabərlik Konya şəhərinin Bələdiyyə stadionda əldə olundu. Kosova üzərində qələbə isə Antalyada qazanıldı.
Belə nümunələrin sayını artırmaq da mümkündü. Yalançını evinə qədər qovmaq bizim borcumuzdur. Niyə də yox?!

Həmin kateqoriyadan