Kamran HACI
Elxanomika + 140000 futbolçu = 0:3

Kamran Hacı | kamran-haji@mail.ru

ABŞ-ın 40-cı prezidenti Ronald Reyqanın məşhur siyasi istiqaməti vardı: Reyqanomika. Bu kurs Respublikaçılar partiyasının və Qərbi Avropa ölkələrinin güclənməsinə və SSRİ-nin çökərək dağılmasına yönəlmişdi. Bizim AFFA baş katibi Elxan Məmmədov da məxsusi plan – Elxanomika ilə işləyir. Amma keçmiş kino aktryorundan fərqli, o, başqa cür oynayır: futbolumuzu məhv etməklə. 2007-ci ildən bu vəzifədə işləməsinə rəğmən, milli komanda hər dəfə qrup ələmələrində axırdan 2-ci yer tutur. Futbolun inkişafına dair ayrıca dövlət proqramı olsa da, Elxan Məmmədovla yenə xeyri yoxdur. Arada xərclənən, havaya sovrulan milyonlarla manatdır.

«Axırıncı aşırım»da sovetlərin kolxoz oyununu ortaya atan kimi, o da lisenziyalaşdırmanı əlində bayraq edərək, son illərdə klub futbolunu da məhv etməklə məşluğdur. Axırıcı səfər 1-ci diviziondan premyer liqaya hansı qalib klubun yüksəldiyini xatırlamıram. Halbuki aşağı dəstədə peşəkar komandalar çıxış edir. Onların içində zamanında ölkə çempionu olan, Avrokuboklarda iştirak edənlər var. Əgər, həqiqətdə, bu neçə ildə lisenziyalaşdırma ilə bağlı şərtlər tam yerinə yetirilmirsə, onda belə 1-ci divizion kimə lazımdır? Niyə bu dəstə buraxılıb, ordakılar həvəskarlar liqasına göndərilmirlər? Harada görünüb ki, aşağıda qalib gələn yüksəlməsin və ya elitada sonuncu yer tutan enməsin? Bütün nöqsanlar AFFA və PFL-in üzərinə düşür. Klublarla lisenziyalaşdırmaya düzgün izah verilmir. Məntiqlə belə qənaətə gəlmək olur ki, düyünün çözülməsində ya bu 2 təşkilat maraqlı deyil, ya klublarda çalışanlar kütdülər: nə qədər onları bu məsələni başa salırlar, anlamırlar; ya da şər qüvvələr süni əngəl yaradılır. Nə bilim, hurilər, pərilər, şeytanlar. Ötən il 1-ci divizionda 2-ci yer tutan «Səbail», bu dəfə də 5-ci olan «Sabah» premyer liqaya buraxıldı. Belə əcaibliklər heç Afrikada buşmenlərin və qottentotların yaşadığı məmləkətlərin futbol çempionatlarında olmur. Bunu yalnız şüşənin içindən çıxan cin və Elxan Məmmədov edə bilər. Bəlkə bacarsa, bir də PFL prezidenti Ramin Musayev.

Baş katibin AFFA-da keçmiş xəbərçisi Mikayıl Nərimanoğlunun «Kəpəz»də çıxardığı məlum hoqqadan sonra, ağır ayağı oranı da pis günə qoyub. Ölkənin titullu, 2-ci böyük şəhərinin klubu 1-ci dəstəyə düşüb və taleyi hələ naməlumdur. Elxan Məmmədovun kopperfildsayağı yaxşıca gözbağlama, illüzionist bacarığı olsa da, bütün layihələri sonda uğursuzluqla nəticələnir – ökəmizə sırıdığı futbol çempionatları milli komandalarımızın acı məğlubiyyətləri kimi. Himnimizin qəniminin yaratdığı komitələr də bir işə yaramır: klublar, məşqçilər və media komitələri indi şərti mövcuddur. Gülməlisi odur ki, adını son çəkdiyim qurumu baş katib barmağına dolayıb. Bunda da təşkilat özü günahkardır. Necə deyərlər, özü yıxılan ağlamaz. 2-ci fəaliyyət müddətində daha artıq nöqsana yol verən və çoxdan buraxılmalı olan idarə heyəti tərəfkeşliyə yol verdi: ədalət və nizam-intizamdan uzaq oldu, səviyyəni gözləmədi, qeyri-peşəkarlara meydan verdi, özü bacarmayıb başqasına yazı yazdıranlara layihə verdi, yoldan keçəni «Qarabağ»ın səfər proqramına saldı, tənzimləmə-ələmə olmadı və sairə. Saymaqla bitməz.

Aprelin 11-də prezident seçkisindən sonra nazirlər təsdiqləndi. Əksəriyyət vəzifəsində qaldı, bəziləri yerini itirdilər. Prosesdə futbolumuzun sədri-əzəminin də adı hallanırdı. O, gənclər və idman naziri olmaq istəyirdi. Amma sonda arzusu ürəyində qaldı. Necə ki, keçən il UEFA icraiyyə komitəsinə üzv seçilməyəndə. Çox gülməlidir. Adama sual verməzlər ki, ay Elxan Məmmədov, futbolda nə qayırdın ki, nazir olanda nə edəsən?!
Ən acınacaqlısı, məğlubiyyəti həzm edə bilməyən baş katib dolayısı ilə nazir Azad Rəhimova bağlı olduğu söylənilənan «Xəzər» klubunu premyer liqaya buraxmadı. Halbuki Bakı təmsiçisi yarandığı 1 ildə böyük iş görmüşdü: yaxşı heyət qurmuşdu, beynəlxalq tələblərə cavab verən struktur formalaşdırmışdı və debütdəcə çempionluğu qazanmışdı. Hətta komanda bölgədə inkişaf naminə paytaxtı tərk edərək Qubaya üz tutmağa hazır idi. Futbolun bəlaları sonra da gileylənirlər ki, iş adamları futbola sərmayə yatırmır. Axı himayəçilik edəndə də başlarına belə oyunlar açırsınız. Lap axırda da özlərin yaxın KİV vasitəsi ilə söz ötürürlər ki, futbola birillik pul qoyan iş adamları lazım deyil. «Xəzər»ə gəlincə, dağıldığı barədə söz-söhbət dolaşır. Elxanla Ramin «Bakı» və «Xəzər Lənkəran»ın ardından bunudamı istəyirdilər? Yeri gəlmişkən, bu 2 şəxsin gözü aydın: «Qarabağ və «Qəbələ» də büdcəni azatdılar. «Bəxtiyar» filmində klub müdiri yükləmədən səsi tutulan gənc Bəxtiyara: «Nə üçün soyundunuz? Mən oxuyacam? O, oxuyacaq?» İndi rus kişinin sözü olmasın, kim oynayacaq? Bir azdan nomal bir komanda tapılmayacaq; yerdə qalan 4-5 klubla «AFFA çempionatı»nda eşələnəcəklər. Onsuz da proses ona doğru gedir.

Ara qarışdırmaqda və hiyləgərlikdə mahir olan baş katib Rövnəq Abdullayevi KİV-dən küsdürüb. AFFA prezidenti bir müddətdir ki, idman jurnalistlərinə müsahibə vermir. Səbəbi aşkarlamaq üçün o qədər də fiikrləşməyə ehtiyac yoxdur. Elxan Məmmədov özünə yaxın qələm əhlini ona qarşı yönəldib – futbolda uğursuzluqda günahkar o deyil, Rövnəq Abdullayevdir. Bunun isə bir sadə məntiqi isbatı var: bu şəxs cüdoda da prezidentdir. Özü də cəmi 2 ildir. Orda yüksəliş, qələbə göz önündədir. Demək, futbolda qüsur prezidentdə deyil, icraçılardadır.

Ötən həftə AFFA saytının saytında maraqlı xəbərə rast gəldim. Elxanomikadan artıq 140000-ci futbolçu törəyib. Gözümüz aydın. Qəribəsi odur ki, rəqəm artır, amma millidə nəticə elə axırdan 2-ci yer olaraq qalır. Başqa ölkələrdə yığmaya əcnəbi çağırıb yüksəlişə nail olurlar. Karlos Alberto Torresin dönəmində səfərdə 3:2 udduğumuz, Şahin Diniyevlə 2 rəsmi görüşdə 1:1 heç-heçə etdiyimiz Qazaxıstan seçməsinə dünən yoldaşlıq matçında 0:3 yenilməyimiz, rəqib düşərgədə bolqarıstanlı baş məşqçi Stanimir Stoilovun əməyi sayəsindədir. Orta asiyalılardan fərqli, baş katibin gətirdiyi Betri Foqtsla Robert Prosineçki 10 ildə bir işə yaramadılar.
Qonşu, possovet, kasıb Afrika və Asiya ölkələrindən fərqli, bizdə uzun zamandır  sanballı futbolçular çıxmır ki, ən azı, Avropanın ortabab klublarında oynayıb ölkənin adını ucaltsın, yığmaya da faydaları dəysin. Görəsən, Elxan bu erməni Mxitaryanın  Dotesk «Şaxtyor»undan Dortmund «Borussiya»sına, oradan «Mançester Yunayted»ə, oradan da bu mövsüm digər İngiltərə nəhəngi «Arsenal»a keçərkən, hər dəfə utanırmı? Millətlər liqasında hədəfə yetşilməzsə, durum daha acınacaqlı olacaq. Məmmədov nəyi düşünür, bunu yaxşı bilirəm: mətbuatın onsuz da bağlı dilini içəridən bir az da burmaq, avtokratiyasını, eləcə də gənclər və idman naziri olmaq istiqamətində səyini davam etdirmək. Qalanı onun vecinə deyil.

 

Həmin kateqoriyadan