“Ən yüksək hədəfimiz mükafatçılar sırasına düşməkdir”

Qadın həndbolçulardan ibarət Azərbaycan komandası VI İslam həmrəyliyi oyunlarına hazırlığını davam etdirir. Allsport.az xəbər verir ki, baş məşqçi Aleksandr Revva hazırlıq, rəqiblər və qarşıdakı hədəflər barədə fikirlərini bölüşüb.

– Komandanın İslamiadaya hazırlığı necə gedir?
– Hazırlığın ilk mərhələsini Bakıda keçdik, hazırda isə on günlük təlim-məşq toplanışı üçün Mingəçevirdəyik. Burada xüsusi fiziki hazırlığı texniki-taktiki çalışmalarla birləşdiririk. Oyun təcrübəsini artırmaq məqsədilə ‘Kür’ komandası ilə yoldaşlıq görüşü keçirməyi planlaşdırırıq. Toplanış ayın 30-dək davam edəcək, yekun mərhələ isə Bakıda təşkil olunacaq. Ümumilikdə, oyunçuların məşqlərə yanaşmasından və göstərdikləri fədakarlıqlardan çox razıyam.

– Rəqiblər barədə məlumat varmı?
– Hazırda rəqiblərlə bağlı tam məlumat yoxdur. Çünki iştirakçı komandaların bəziləri hələ turnirdə iştiraklarını rəsmən təsdiqləməyiblər.

– Millinin turnirdəki hədəfi nədir?
– Biz bu yarışa ciddi məqsədlərlə hazırlaşırıq. Əsas hədəfimiz medallar uğrunda mübarizə aparmaq, ən azı mükafatçılar sırasına düşməkdir. Komandamız bu məqsədə çatmaq üçün bütün gücü ilə çalışacaq.

Həmin kateqoriyadan