Erməni güləşçini məğlub edən Rəsul Çunayev Rio oyunlarına vəsiqə qazandı

Türkiyənin İstanbul şəhərində Rio Yay Olimpiya Oyunlarına vəsiqə verən 2-ci dünya təsnifat turniri başlayıb. Allsport.az saytının məlumatına görə, yarışda finala yüksələn hər bir güləşçi həm də olimpiadaya lisenziyanı təmin edir. İlk yarış günündə “klassiklər” mübarizə aparırlar.

66 kq-da Rəsul Çunayev yarışa 1/16 final mərhələsindən başlayıb. İlk görüşdə Xorvatiyalı Dominik Etlingeri 19 saniyədə tam üstünlüklə məğlub edən pəhləvanımız ardınca Belarusdan Pavel Liax və Polşadan David Kareçinski ilə gərgin keçən qarşılaşmalardan da qalib ayrılıb. Yarımfinalda Fransa təmsilçisi erməni əsilli Artak Marqaryan üzərində 68 saniyə ərzində qələbə qazanan Rəsul Çunayev finala yüksəlib və Rio Olimpiadasına vəsiqəni təmin edib. Bu güləşçilərimizin Rio-de Janeyro Olimpiya Oyunlarına qazandığı 14-cü vəsiqədir.

Final görüşündə güləşçimizin rəqibi Qırğızıstandan Ruslan Tsarev olacaq. Xatırladaq ki, bahadırlarımız bu günədək Rio-2016-ya 13 vəsiqə qazanıb. “Sərbəstlər” Braziliyaya tam heyətlə qatılacaqlar – komandamız 6 mümkün yerin hamısına yiyələnib. Yunan-Roma güləşçilərimiz 4, qadınlarımız 3 çəkidə lisenziyaya sahibdirlər.

 

Həmin kateqoriyadan