Firdovsi Umudov: Qurduğum taktika özünü doğrultdu, bəhrəsini İslam oyunlarında da görəcəyik

«Sərbəst güləş millimizin Avropa çempionatında çıxışını yüksək qiymətləndirirəm. Dünya kubokundan sonra, bu mötəbər yarışda da öz sözümüzü dedik». Bunu allsport.az saytına açıqlamasında əsas yığmanın baş məşqçisi Firdovsi Umudov deyib. Mütəxəssisin fikrincə, adətən, olimpiya oyunlarından sonra idmançılar xeyli müddət istirəhətə çəkildiklərindən, pik formalarını itirirlər. Biz isə daim hazır vəziyyətdə qalma üsulunu seçdiyindən, istənilən zaman və dövrdə rəqibə cavab verməyə hazırıq. Sitat:

«Bu il bizi çox məsul yarışlar gözləyirdi. İşi ona görə qurmuşdum. Dünya kubokundan sonra Avropa çempionatında da fərqlənməli idik. Nəzərə alaq ki, bu qısa vaxtdan sonra Bakıda komandanı İslam oyunları kimi mühüm yarış gözləyirdi. Ona görə heyəti böldüm. Taktikam idmanda həvəskar olan insanların xoşuna gəlmədi. Amma biz peşəkarıq, işimizi bu gün üzərində deyil, sabah üçün qururuq».

Təcrübəli mütəxəssis onu da əlavə edib ki, komandada yeni gənclər yetişir və onların püxtələşməsi üçün müəyyən zaman lazımdır: «Güləş federasiyası düzgün yoldadır. Rəhbərliyin diqqət və qayğısı hər zaman üzərimizdədir. Onlar idmançılarımızın qalib gəlməsi üçün ölkədə hər şərait yaradıblar. Zamanında ümummilli lider Heydər Əliyev bizə ümid verir, qələbəyə ruhlandırırdı. Bu gün onun işini cənab prezident İlham Əliyev uğurla davam etdirir. Xeyli müddətdir ki, Azərbaycanı dünyada idman ölkəsi, mötəbər yarışların keçirilməsi mərkəzi kimi tanıyırlar».

Kamran HACI, Novı Sad (Serbiya)

Həmin kateqoriyadan