Firdovsi Umudov: Sərbəst güləşçilərimizin hazırlığı davam edir, boykot söhbəti yalan və təxribatdır  

Azərbaycan o nadir ölkələrdəndir ki, qədim və zəngin ənənələri olan güləşi sadəcə idman, mübarizə növü deyil, həm də milliliyin, ruhun, mənəvi dəyərlərin, ədalət və haqqın tərənnümçüsüdür. Tarixən Şərqlə Qərb arasında körpü olmuş Azərbaycanda bu bəşəri sərvəti qorumaqda güləşin əvəzsiz rolu və yeri var. Digər növlərlə müqayisədə, güləşçilərə daha böyük hüsn-rəğbətin və məhəbbətin bir kökü də buradan gəlir. Bu gün də belədir. Bəşəriyyətin ən böyük idman təntənəsi olan olimpiya oyunlarından söz düşərkən, gözlər ilk növbədə bahadırlarımıza dikilir. Müstəqillik əldə olunduqdan sonra keçirilmiş bütün olimpiya oyunlarında da pəhləvanlar ölkə bayrağının şərəfini daim uca tutublar. Rio-2016 da bu mənada seçildi. Qazanılan 18 medalın tən yarısı onların payına düşür. Üstəlik, ilk dəfə olaraq «sərbəstlər»də 5 medal (2 gümüş, 3 bürünc) qazanıldı. «Dördillik»dən sonra bu növdə yeni islahatlar aparıldı və uzun illər millinin uğuru üçün çalışan böyük məşqçi Firdovsi Umudov milli komandaların başına keçdi.

Ötən ilin noyabrında ümummilli lider Heydər Əliyevin xatirəsinə keçirilən «Qızıl qran-pri»də sərbəst güləşçilərimiz 3 qızıl, 1 gümüş və 3 bürünc medala yiyələndilər. Adətən, Yay olimpiya oyunlarından sonra belə nəticə çox yüksək sayılır. Çünki olimpiadalardan sonra öncül, qalib idmançılar istirahətə çəkilir, onlar bir də növbəti, yeni mövsümdə təlim-məşqləri bərpa edirlər.

Növbəti uğur qeyri-olimpiya çəkiləri üzrə dünya çempionatında gəldi, 2 mümkün mükafatdan biri qazanıldı. Cari ildə yerli mütəxəssisin ilk ciddi imtahanı Arazın o tayında təşkil olunan dünya kuboku idi. Təcrübəlilərlə gənclərin vəhdətindən qurulan komandamız 3-cü oldu.

2-7 mayda Serbiyanın Novı Sad şəhərində güləşçilərin Avropa çempionatı millimiz1 qızıl, 3 gümüz və 1 bürünc medala sahibləndi. 2011-ci ildən bəri, belə çox sayda eyni yarışda nəticəmiz olmamışdı. Bir həftə sonra bahadırlarımız Bakıda 4-cü İslam oyunlarında çıxış etdi. Heydər Əliyev adına idman sarayında keçirilən yarışda yığmamız 4 qızıl,2 gümüş və 1 bürünc mükafata yetişdi. Ötən ay Tiflisdə keçirilən qran pri seriyasında da komandamız uğurlu nəticə göstərərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Gələn ay güləşçilərimizi Parisdə dünya çempionatı gözləyir. Hazırda millimiz bu məsul sınağa hazırlaşır. Amma bəzi qüvvələr yerli məşqçimizin, ümumən, federasiyanın işinə kölgə salmaq üçün təxribatla məşğuldular. Bunu allsport.az saytına açıqlamasında Firdovsi Umudov deyib. Dünən axşam vaxtı primetime.az saytında «Dünya çempionatına hazırlaşan azərbaycanlı idmançılardan – boykot» sərlövhəli bir yazı çıxıb. Orada qeyd olunur ki, sərbəst və yunan-Roma güləşi növləri üzrə dünya çempionatına hazırlaşan idmançılarımız Gənclər və İdman Nazirliyini, habelə bu idman növləri üzrə məsuliyyətli olan aidiyyatı qurumları boykot etməyə hazırlaşırlar və bu gün saat 13:00-da «Excelsior» mehmanxanasında mətbuat konfransı keçiriləcək. Bunun doğru olmadığını dilə gətirən mütəxəssis bildirdi ki, komandada hər şey qaydasındadır:

«Sərbəst güləş üzrə millimiz Olimpiya Güləş Mərkəzində hazırlığını davam etdirir. Komandada yüksək ovqat var. Pəhləvanlarımız həmişə dünyada ciddi rəqib kimi qəbul olunur. Bizimlə təlim-məşq toplanışı keçirmək üçün digər dövlətlər sıraya düzülüb. Təbii ki, güclüdən nəsə öyrənərlər, zəifdən yox. Fransa paytaxtına yollanacaq heyət hazırlıq prosesi bitdikdən sonra elan ediləcək.

Güləş federasiyasının rəhbərliyinin diqqəti daim üzərimizdədir. Hər gün mənimlə əlaqə saxlayırlar, idmançılarımızın durumu ilə maraqlanırlar. Xırda nəsə çatışmayanda, özüm də həll edirəm. Özgəsi deyiləm ki, bu Vətənin övladıyam. Primetime.az saytını tanımıram, heç adını da eşitməmişəm. Orda yazı gedib ki, guya komanda üzvləri nəyisə boykot edəcək. Bu, ağ yalandır! Məsələni dərindən bilməyənlər sosial şəbəkələrdə təxribatçı insanlara qoşulub mənim və güləşçilərimiz adından yalan ifadələr işlədirlər. Sabah heç bir mətbuat konfransı da olmayacaq. Olsaydı, bunu elə birinci siz bilərdiniz, 15 ildir güləş idmanı təbliğ edirsiniz.

Biz dövlətimizin əsgəriyik, mükafat olsa da, olmasa da, Azərbaycanımızla, bayrağımızla, dövlətimizla fəxr edirik! Düzdür, həmişə vəziyyət yüksək olmur, amma gərək yaxın keçmişi də unutmayasan. Güləş federasiyasında olan diqqət heç bir yerdə olmayıb. Allah naşukürlüyü sevmir. Çətinlik yarananda, hər yerdə olur, bütün dünyada. Azərbaycan güclü dövlətdir, elə Azərbaycan Güləş Federasiyası da. Onu dünyada ən təşkilatçı, nizam-intizamdı və sabit federasiyalardan hesab edirlər.

Biz bütün cətinliklərə dözməliyik və qələbə haqqında fikirləşməliyik. Belə yazıları yazmaqla düşmənlərimizi sevindiririk. Mən inanıram ki, yaxın gələcəkdə bütün problemər öz həllini tapacaq».

Kamran HACI

Həmin kateqoriyadan