- Baxış sayı: 31
- 26 Fevral 2026 22:44
- Baxış sayı: 44
- Fevral 26, 2026
- 0

“Kəpəz” peşəkar futbol klubunun nəzdində yaradılan “Gəncənin futbol əfsanələri” şurasının növbəti görüşü baş tutub.
Allsport.az xəbər verir ki, klubun Akademiyasında təşkil olunan tədbirdə infrastruktur rəhbəri Ruslan Məmmədov, şuranın sədri Əli Rəhimov, Gəncə-Daşkəsən regional gənclər və idman idarəsinin rəisi Elşən Hüseynov, 1 nömrəli uşaq-gənclər idman-şahmat məktəbinin müdiri, cüdo üzrə paralimpiya çempionu Ramil Qasımov, “Patriotnews.az” saytının rəhbəri Ceyhun Əliyev, “Qarabağ Qaziləri” ictimai birliyinin Gəncə şəhər filialı üzrə sədri Eyvaz Hüseynov, komandanın baş məşqçisi Azər Bağırov, eləcə də Gəncə futbolunda dərin iz qoymuş sabiq futbolçular iştirak ediblər.
İclas iştirakçıları əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Daha sonra Ruslan Məmmədov akademiyada son dövrlərdə görülən işlər, infrastruktur sahəsində həyata keçirilən yeniliklər və qarşıda duran planlar barədə ətraflı məlumat verib. Çıxışlardan sonra o, kluba yeni təyin olunmuş ictimaiyyətlə əlaqələr üzrə koordinator Nofəl Əzizovu iştirakçılara təqdim edib.
Tədbirin sonunda “Qarabağ Qaziləri” ictimai birliyinin Gəncə şəhər filialı üzrə sədri Eyvaz Hüseynov tərəfindən “Kəpəz”in idarə heyətinin üzvü Fərman Əlizadənin adına təşəkkürnamə təqdim olunub.