Gənc güləşçilərimiz Avropa birinciliyində mücadilə edəcəklər

21-26 iyunda Rumıniya paytaxtında gənc güləşçilər arasında Avropa birinciliyi keçiriləcək. Allsport.az saytı xəbər verir ki, yarışın ilk iki günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq.

Milli komandanın böyük məşqçisi Şaban Donat, məşqçilər Zöhrab Abbasov və Turac Hüseynlinin rəhbərliyi ilə Buxarestə Azər Nəsibli (50 kq), Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq), Sənan Süleymanov (66 kq), Mehrac Kərimov (74 kq), İslam Abbasov (84 kq), Soslan Fanziyev (96 kq) və Adəm Cəlilov (120 kq) yollanıblar.

İyunun 23-24-də çempionatda gənc qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə yarışda 5 güləşçimiz iştirak edəcək. Ölkəmizi Zelfira Ələkbərli (44 kq), Sona Tumarxanova (48 kq), Səbinə Həmzəlzadə (51 kq), Şəbnəm Əhmədova (55 kq) və Elis Manolova (67 kq) təmsil edəcəklər.

Avropa çempionatının son iki günündə mübarizəyə sərbəst güləşçilər qoşulacaq. Yığma komandanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi ilə çempionata Əliabbas Rzazadə (50 kq), Mahir Əmiraslanov (55 kq), Əli Rəhimzadə (60 kq), Fazil Həsənov (66 kq), Murad Süleymanov (74 kq), Hacımurad Məhəmmədsəidov (84 kq), Məhəmmədrəsul Qazıməhəmmədov (96 kq) və Alimaqomed Alixmoyev (120 kq) yollanacaq.

Çempionatda görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək. Məlumat üçün bildirək ki, ötən il keçirilən Avropa çempionatında gənclərimiz yeni tarix yazaraq ümumilikdə 5 qızıl, 4 gümüş, 6 bürünc medal qazanıb.

Həmin kateqoriyadan