Gənc güləşçilərimiz gələcəyə ümid verdilər

Braziliyanın Salvador da Bahiya şəhərində güləş üzrə gənclər arasında Dünya çempionatı başa çatıb. Allsport.az xəbər verir ki, çempionatda hər üç güləş növü üzrə yığma komandamız iştirak edib.

Ümumilikdə, 7 qızıl, 4 gümüş və 3 bürünc medal qazanan yığma komandamızın hər biri xal hesabında Dünya çempionatını ikinci sırada tamamlayıb. Qızıl medalların sayına görə, bütün komandaları qabaqlayaraq dünya birincisi olan gənc sərbəst güləşçilərimiz idman tariximizdə yeni bir səhifə yazıb.

Yunan-Roma güləşçilərinin mübarizəsində idmançılarımız 1 qızıl (Murad Məmmədov (55 kq)), 2 gümüş (Kərim Cəfərov (60 kq), İslam Abbasov (84 kq)) və 1 bürünc (Ruhin Mikayılov (66 kq)) medal qazanıb. Gənc qızların yarışında isə, yığmamız 2 qızıl (Türkan Nəsirova (44 kq), Leyla Qurbanova (51 kq)), 2 gümüş (Raqnetta Qurbanzadə (63 kq), Səbirə Əliyeva (72 kq)) və 1 bürünc (Elis Manolova (67 kq)) medala sahib olub. Sərbəst güləşçilərimiz Dünya çempionatını, 4 qızıl (Mahir Əmiraslanov (50 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq)) və 1 bürünc (Arif Hüseynov (50 kq)) medalla başa vurub.

Ümumiyyətlə, gənc güləşçilərimiz 2007-ci ildən bu yana qatıldıqları Dünya çempionatı yarışlarında ən çox sayda medal qazanmaqla güləş tariximizdə bir ilki reallaşdırıb. Belə ki, 2007-ci ildə 5, 2008-ci ildə 5, 2009-cu ildə 8, 2010-cu ildə 10, 2011-ci ildə 6, 2012-ci ildə 7, 2013-cü ildə 11 və 2014-cü ildə 12 medal qazanan gənc güləşçilərimiz, 2015-ci ildə bu medalların sayını 14-ə çatdırıb. Bu nəticə həm medalların sayına, həm də əyarına görə ötən ilki nəticələrdən daha yaxşıdır.

Bundan başqa, gənc güləşçilərimizin 2007-ci ildən bu yana qatıldıqları Avropa çempionatlarının yekunlarına nəzər salsaq görərik ki, həmin il cəmi 3 medal qazananan gənclərimiz 2008 və 2009-cu illərdə 11, 2010-cu ildə 10, 2011-ci ildə 12, 2012-ci ildə 14, 2013-cü ildə 13, 2014-cü ildə isə 8 medala sahib olub. Bu il isə, gənc güləşçilərimiz Avropa çempionatını 5 qızıl, 4 gümüş və 6 bürünc olmaqla, 15 medalla başa vurub. Bu, indiyə qədər qatıldıqları Avropa çempionatlarında gənc güləşçilərimizin medalların həm sayına, həm də əyarına görə qazandığı ən yüksək nəticədir.

Qarşıdan Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunları gəlir. Bu gün gənclər arasında yarışlarda ölkəmizi təmsil edən yığma komanda üzvlərinin 2016-cı ildə Rioda mübarizə aparacaq yığma komandanın heyətində olmaq şansları böyükdür. Qazanılan nəticələr gələcəyə ümidlə baxmağımıza əsas verir. İnanırıq ki, bu gün gənclər arasında yarışlarda uğurla çıxış edərək, bayrağımızı yüksəldən, himnimizi səsləndirən bu pəhləvanlar qazandıqları uğurları, nailiyyətləri gələcəkdə də davam etdirəcək, bütövlükdə xalqımızı və bütün güləş həvəskarlarını sevindirəcəklər.

Həmin kateqoriyadan