- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 93
- Noyabr 21, 2024
- 0
Bu gün gənclər və idman nazirliyində Tokio-1964 olimpiya oyunlarının sərbəst güləş üzrə bürünc mükafatçısı, dünya və Avropa çempionu, “Neftçi” futbol klubunun ilk prezidenti Aydın İbrahimovun 80-illik yubileyinə həsr olunmuş tədbir keçiridi. Allsport.az saytı xəbər verir ki, toplantıda səbəbkarın özü ilə yanaşı, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, şöbə müdiri Fərid Mansurov, milli olimpiya komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, “Cabir Novruz” fondunun rəhbəri Cavanşir Qurbanov, Güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərov və Namiq Abdullayev, idman ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
GİN-in baş məsləhətçisi Tofiq Eyvazov tədbiri açaraq yubilyarın həyat və fəaliyyətindən danışıb, qazandığı nailiyyətləri yüksək qiymətləndirdi. Sonra yubilyarın həyatını əks etdirən videoçarx nümayiş olundu. Aydın İbrahimovu gənclər və idman naziri Azad Rəhimovun adından təbrik edən İsmayıl İsmayılov dedi: “Azərbaycan güləşinin əsasını təşkil edən insanlardan birinin yubileyində iştirak edirik. Güləş xalqımız tərəfindən sevilən idman növüdür. Aydın müəllim dünya və Avropa çempionatının qalibidir. O, həmçinin Yay Olimpiya Oyunlarında bürünc medal qazanıb. Bu gün də Azərbaycan güləşi sağlam təməl üzərində dayandığı üçün davamlı uğurlar əldə olunur. Bizim Namiq Abdullayev, Fərid Mansurov kimi olimpiya mükafatçılarımız, dünya və Avropa çempionlarımız var”.
Çingiz Hüseynzadə onun keçdiyi həyat yolundan söhbət açdı, karyerasında qazandığı uğurları vurğulayıb: “Aydın İbrahimov 1964-cü ildə SSRİ çempionu olanda, stadionda təşkil olunmuş tədbirdə mən də vardım. Onda 12 yaşım vardı. O, Tokio oyunlarında 3-vü yer tutdu. Həmin olimpiada bizim üçün uğurlu oldu, ümumilikdə 6 medal qazandıq. Yubilyar bu gün də Azərbaycan idmanına öz töhfəsini verə bilər. Güləşçilərimizin onun tövsiyələrinə ehtiyacı var”.
Digər çıxış edənlər – Xəzər İsayev, Fərid Mansurov, Elçin Cəfərov, Cavanşir Qurbanov, 19-qat Azərbaycan çempionu Mustafa Orucov, professorlar Xanlar Qurbanov, Dilqəm Quliyev, tanınmış televiziya işçisi Aydın Əliyev, SSRİ dönəmində onunla birgə “Nefçi”nin oyunlarını şərh edən veteran futbolçu Çingiz İsmayilov yubilyarı Azərbaycan güləş tarixinin ən görkəmli nümayəndələrindən biri kimi xarakterizə ediblər. Onun nailiyyətlərindən danışan natiqlər ona təbriklərini çatdırıblar. Çıxışlardan sonra yubilyara qitmətli hədiyyələr verildi.
Yekunda Aydın İbrahimov özü çıxış etdi: “Özüm də bilirəm ki, yaxşı güləşmişəm. Amma danışmaqda bir az çətinlik çəkirəm. Dövlət güclü olanda onun idmanı da güclü olur. Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya idmana göstərdikləri dəstəyə görə minnətdarlığımı bildirirəm. Onlar idmanımızı dünyada belə yüksək səviyyəyə gətiriblər. Qazandığım bir neçə qiymətli medalımı milli olimpiya komitəsinə hədiyyə edirəm”.
Yubilyar 1938-ci il sentyabrın 17-də Gəncə şəhərində dünyaya gəlib. O, 1963-cü il də güləş üzrə ilk azərbaycanlı dünya çempionu kimi tarixə düşüb. 1966-cı il Avropa çempionatının qalibi və Tokio-1964-ün bürünc medalçısıdır. Yubilyar 1988-1997-ci illərdə rəhbərlik etdiyi “Neftçi” ilə müstəqil Azərbaycanın ilk milli çempionatının qalibi olub.
Kamran HACI