GİN-də dünya kuboku və U-23 Avropa çempionatının yekunlarına dair mətbuat konfransı

Bu gün Gənclər və İdman Nazirliyində İranın Abadan şəhərində yunan-Roma güləşi üzrə dünya kubokunda və Macarıstanın Sombateli şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında idmançılarımızın yüksək nəticələr qazanması ilə bağlı mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə GİN-nin İdman şöbəsinin müdiri Fərid Mansurov, AGF-in vitse-prezidenti Elçin Cəfərov, sərbəst güləş millimizin baş məşqçisi Firdovsi Umudov, yunan-Roma güləşi üzrə yığmanın baş məşqçisi Akif Əliyev, gənclər komandasının böyük məşqçisi Şaban Donat, digər məşqçilər və milli komandalarımızın üzvləri iştirak ediblər.

Fərid Mansurov idmançılarımızın hər iki yarışda yüksək səviyyədə çıxış etdiklərini bildirib: “Güləşçilərimizi təbrik edirəm. İranda keçirilən dünya kubokunda gümüş medal qazanmaq yaxşı nəticədir. 23 yaşlı idmançılarımız isə Azərbaycan güləşinin gələcəyidirlər. Onlar 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında əsas komandanın özəyini təşkil edəcəklər. Güləş Azərbaycanda əsas idman növlərindən biridir. “Rio-2016″da əldə olunan 18 medaldan 9-u güləşçilərimizin payına düşmüşdü. Qarşıda 4-cü İslam həmrəyliyi oyunları var. Bütün idmançılarımıza uğurlar arzulayıram”.

Tədbirin təşkilinə görə Gənclər və İdman Nazirliyinə təşəkkür edən AGF vitse-prezidenti Elçin Cəfərov hər iki yarışda uğur qazanan güləşçiləri təbrik edib. O bildirib ki, İranda keçirilən Dünya Kubokunda hakimlər qeyri-obyektiv olublar: “İranda çempion da ola bilərdik. Lakin hakimlərin yanlış qərarları gümüş medal qazanmağımızla nəticələndi”.

Firdovsi Umudov da bu cür tədbirlərin ənənə halını almasını təqdirəlayiq hal kimi qiymətləndirib. O, güləşçilərin səylə Bakı-2017-yə hazırlaşdıqlarını deyib: “İslam 0yunlarının başlaması üçün günləri sayırıq. Çalışacağıq ki, bizə göstərilən etimadı doğruldaq”.

İlin ən önəmli yarışının dünya kuboku olduğunu söyləyən Akif Əliyev, İrana iddialı yollandıqlarını deyib: “Bildiyiniz kimi, 2015-ci ildə Dünya Kubokunun qalibi olmuşduq. İstəyirdik ki, həmin nəticəni təkrarlayaq. Lakin müəyyən səbəblərdən gümüş medal qazandıq. Çalışacağıq ki, qarşıdakı yarışlarda, xüsusən İslamiada da daha uğurlu çıxış edək”.

Güləşçilərdən Rəsul Çunayev idmançılara göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib. O, qələbələrin davamını gətirmək üçün daha səylə çalışacaqlarını bildirib. Sonra tədbir iştirakçıları jurnalistlərin suallarını cavablandırıblar.

Həmin kateqoriyadan