Kamran HACI
Göydən üç alma düşdü, “Qəbələ” Avroliqadan niyə hürkdü

Kamran Hacı | kamran-haji@mail.ru

SSRİ xalq artisti Rəşid Behbudovun çəkildiyi «Bəxtiyar» filmində məzəli bir səhnə var. Qastrolbüronun inzibatçısı Ağabala Husenov iclas edib deyir: «Sizə bildirməliyəm ki, sabah klubumuza xüsusi bir komissiya gəlir. Özfəaliyyət dərnəklərimizin işlərini kökündən yoxlayacaqlar. Nə isə, işlərimizə baxacaqlar. Budur…» Yaxınlarının özlərini işə verməmək bəhanəsini gördükdə, əsəbləşərək əlavə edir: «Heç utanırsınız? Dedim, qohum-əqrabadır, bəd ayaqda dadıma çatarlar. Buna görə mən sizi klubumda işə götürdüm. Bu da axırı…»
«Qəbələ»nin Avropa liqasında taleyi bir növ buna bənzədi. Amma məsələ ondadır ki, Bəxtiyar rolunun oynayan dünya şöhrətli müğənnimiz gözəl ifası ilə «namuslu zəhmətkeş»i qovulmaqdan qurtardı. Bəs «Qəbələ» neylədi? Bir addım atıb dayandı.

Elə o ərəfədə «Paris dağıldı». Bu dəfə onu dərviş Məstəli şah yox, güləşçilər «partlatdı», bu şəhərdə keçiriləcək dünya çempionatı qabağı maaşların verilməməsi üzündən. Deyəsən, Fransa paytaxtının adı bədnamdır.
Əslində, «Qəbələ»nin də taleyi gözlənilən idi. Ötən mövsüm, qrup mərhələsində 6 oyuna sıfır xalı olan «qara-qırmızılar»a qapını birdəfəlik bağlamışdılar. Bu rüsvayçılıq Azərbaycan futboluna ləkə saldı, utanc gətirdi. Bundan sonra UEFA Avropa Liqası ilə bağlı antirekordçuların adı yazılanda, bu siyahıya «Qəbələ» də daxil olunacaq və bu komandanın Azərbaycanı təmsil etməsi göstəriləcək.

Niyə «Qəbələ» bu günə düşdü? Səbəb bəllidir. Futbol işbazlarının qazanc meydanına çevrilən «Qəbələ»də hər yay dövründə xeyli futbolçu gedib gəlir. Götürək elə son mövsümü, klubu 13 nəfər tərk edib, 10-u transfer olunub. Meydan demişkən, heyf klub prezidentinin işinə ki, onun böyük ustalıq, bacarıq bahasına ərsəyə gələn xalça kimi zəmilərinin üzərində futbol yox, başqa oyunlar gedir.

Bəli, 2 mövsüm öncə məhz «Panatinaikos»u sıradan çıxararaq (0:0, 2:2) qrup mərhələsinə düşən «qara-qırmızılar», bu dəfə hər 2 görüşdə uduzdu (0:1, 1:2). Məlum vəziyyyət göstərir ki, komandada aşkar gerilmə var, zamanla qitə miqyaslı yarışlardan təcrid olur, rəqabətə davam gətirmir. Belə olan halda, «Qəbələ»nin çempionluğa iddialılığını anlamaq olmur. Avroliqa az imiş kimi, bizi Çempionlar liqasında da biabır etmək niyyətindədirmi?

Güləşçilərin durumu düzəldi, maaş mərhələli şəkildə ödənməyə başlandı, amma «Qəbələ» bu gedişlə düzəlməyəcək. Çünki sistemsizlik var. Düzgün təməl olmayan yerdə, hansı uğurdan danışmaq olar? Təsnifatlarda taxtadan düşüb «tap» eləyən qələbələr qazanılırdı ki, bunun da ömrü az olurdu.

Ölkə çempionatı başlanır. Avqustun 12-də «qara-qırmızılar» səfərdə «İnter»lə qarşılaşacaq. İndiki durum yaxşı heç nə vəd etmir. Komanda yarıcan qalan, adı dəyişdirilən «ağlar»a birdən uduzsa, bunda heç kim təəccüblənməyəcək.
Şiddətli küləklər, amansız fırtınalar. İndi bu klubda başqa bir fırtına gurlayur. «Karvan», «MKT Araz», «Bakı», «Xəzər Lənkəran»…

«Karvan»la «MKT Araz» bir, «Bakı»yla «Xəzər Lənkəran» başqa bir «dağılan tifaq» nümunəsi göstərdilər. «Qəbələ» «Karvan»la «MKT Araz»a yaxın, amma bir az da fərqli və həm də «peşəkarcasına» yol keçir.
İndi də «Qəbələ» nağılı bitəcək? Sual oldu sonu, amma bu gedişlə cavabı da bəllidir. Amma cavabsız qalan suallar da sonun əvvəli deməkdir.

«Qəbələ» indi təmsildə hərənin bir tərəfə dartdığı araba kimidir. Bir qaydadır, belə olanda, araba məhvərindən çıxıb, dağılır. Hərənin əlində də dartdığı qalır. Bəs arabadan nə qalır – futbolumuza lazım olan biləcək heç nə. Lənkərandakı, Biləcəridəki, Yevlaxdakı, İmişlidəki kimi üzü günə qalmış arenalar…

Nəsə…
Göydən üç alma düşdü…
Biri azarkeşə düşməyəcək, biri idmanımıza qalmayacaq, o birini də Allah bilir, kim aparacaq…

Həmin kateqoriyadan