Güləş federasiyası məşqçi və idmançılara 2 ilə yaxın maaş borcunu qaytarmaq fikrində deyil?

Güləş federasiyasında uzun müddət davam edən maliyyə sıxıntısı hamıya bəllidir. İş o yerə çatmışdı ki, maddi-texniki imkanına görə 9 il ilk sırada dayanan AGF kommunal borcu belə ödəmək iqtidarında deyildi. Günlərin birində milli üzvləri məşqdən sonra yaxalanarkən, su borca görə kəsilmiş və idmançılar duş kabinələrini yarımçıq tərk etmək məcburiyyətində qalmışdılar. Maaşların naməlum zamanadək yubanmasından təngə gələn dünyaca məşhur bahadırlarımız dözməyərək, ötən ilin qızmar yayında ilk dəfə KİV önünə çıxıb durumdan gileyləndilər. O vaxtı 2 ay maaş borcu ödənildi. Amma sonradan yenə səsliklik hökm sürdü. Buna rəğmən, igid pəhləvanlarımız və baracıqlı məşqçilərimiz yeni öz sözlərini deməkdə, Vətənin adını uca tutmaqda idilər. Pis günün ömrü az olar deyiblər. Baxmayaraq ki, çətinlik 2 il sürdü. Ta məsələyə gənclər və idman naziri Azad Rəhimov dəstək verənədək.

Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç aprelin sonunda paytaxtda Azərbaycan prezidenti İlham Əliyevlə görüşdü, AGF-in bazası ilə tanış oldu və buradan Avropa çempionatının keçiriləcəyi Dağıstanın Kaspiysk şəhərinə yollandı. Onun Bakı səfərindən sonra durumun düzələcəyinə inam yaranmışdı. UWW-nin azərbaycanlı büro üzvü Namiq Əliyevin 1-ci vitse-prezidentlikdən azad olunduğu bir il müddətində, ilk dəfə gözlənilmədən yarış məkanına təşrif buyurması güvəni artırmışdı. Nenad Laloviçin də qitə çempionatını gedişində allsport.az saytına Bakı təəssüratını bölüşməsində də ümidveri məqam çox idi: «Azərbaycanlı həmkarlarımla danışmaq üçün ora yollanmışdım. Bakıda olarkən, ölkə başçısı İlham Əliyev gəlişimi eşidəndə, məni öz yanına dəvət etdi. Gənclər və idman naziri Azad Rəhimovla da söhbətləşdim. Prezidentlə görüşdə Azərbaycan güləşinin mövcüd durumq və gələcək perspektivindən danışdıq. Müzakirə barədə bir söz deyə bilmərəm. Bu, sirdir (gülür). Hər şey yaxşı olacaq. Cənab İlham Əliyev idmanı, özəlliklə, güləşi sevir. Güləşçiləri ad və soyadlarınacan tanıyır. Çox şeydən məlumatlıdır. Mənim üçün bu, böyük şərəfdir. Görüşdən çox məmnun qaldım».

Qətinin ən güclülərinin yarışında məşqçilərimizin əməyi bir daha öz sözünü dedi: qəhrəman bahadırlarımız  4 qızıl, 5 gümüş və 9 bürünc olmaqla, ümumilikdə 18 medal qazandılar. Bu, rekord göstərici idi. Avropa çempionatı bitdikdən sonra, gözlənilənlər baş verdi: mayın 10-da Gənclər və İdman Nazirliyində güləş federasiyasının seçki konfransı keçirildi. Azad Rəhimov toplantıda Namiq Əliyevin yenidən AGF-ə dəvət olunduğunu və 1-ci vitse prezident vəzifəsində çalışacağını diqqətə çatdırdı. Bununla yanaşı, cənab nazir, Firdovsi Umudovun milli komandanın baş məşqçisi və federasiyada vitse-prezident qalacağını dedi.

Allsport.az-ın əldə etdiyi məlumata görə, ilk olaraq ödəmələr güləşçilərdən başlayıb. Onlara 2 ayın məvacibi verilib. Məşqçilərə 1 ayın pulunu karta köçürüblər. Qalıq borcun19 ay olduğu söylənilir. Yeniyetmə və gənclərdə 18 ayın məvacibi qalıb. Federasiyada çalışanlar may ayının maaşını alıblar. İlin ilk 4 ayının ödənişi qalmaqdadır. Yubanmalarla bağlı AGF-in mətbuat katibi Mayis Musayev daim xəlvəti kənarda gileylənir. Məsələ bundadır ki, idmançı və məşqçilərə borc çox uzun müddətlidir, amma onlar səslərini çıxarmırlar. Bələdə, o niyə vəsvəsədədir? Bəd ayaqda, ya sənədləşmədə gördüyü işin müqabilində yarışlarda diktorluq etmiş KİV əməkdaşlarından haqq tələb edəcək, ya da göstəriş verəninin direktor olduğu rusdilli saytda işləyəcək. Bəs güləşçi və məşqçilər neyləsin, dərdlərini kimə söyləsinlər? Onlar hara getsinlər?

Bizdə olan bilgiyə görə, çatışmamazlıq aradan qalxmalı və Tokio-2020 yay olimpiya oyunlarına hazırlıq yüksək ovqatda olmalıdır. Namiq Əliyev məhz bu üzdən federasiyaya qaytarılıb. Çünki məlum sıxıntılar onun və keçmiş baş katib Əjdər Cəfərovun dönəmindən başlayıb. AGF 2007-ci ildən bəri mükəmməl fəaliyyəti ilə daim digər federasiyalara nümunə olub. İnanırıq ki, rəhbərlik tezliklə bu çətinliyi tam yoluna qoyucaq. Çünki Yaponiyada da əsas diqqət bahadırlarımıza yönələcək. Axı, son 3 olimpiya oyunlarında qazanılan medallarının yarısı güləşçilərimizin payına düşür.

K.HACI

Həmin kateqoriyadan