Güləş federasiyasında hərci-mərclik: yeniyetmə yunan-Roma güləşində qalmaqal və istefalar

Başı bəlalı Güləş federasiyasında gərginlik zirvə həddindədir. Maliyyə böhranı azmış kimi, komandalarda çalışan məşqçilər bir-birlərini qırmaqla məşğuldular. Allsport.az saytına daxil olan bilgiyə görə, yeniyetmə yunan-Roma güləş millisinin böyük məşqçi Bəhram Mürvətov köməkçiləri İslam Cəfərov və Fuad Alıyevlə yola getməyib. Cari mövsümdə uzun illərdən bəri ilk dəfə yaşanan uğursuzluqlar – Avropa və dünya birinciliklərində qızıl medalın olmaması, üstəlik, Buenos Ayres-2018 yeniyetmələrin olimpiya oyunlarına  bu idman növünün tarixində 1-ci dəfə lisenziyanın qazanılmaması – onu özündən çıxarıb, əsəbini korlayıb.

Mütəxəssis çıxış yolu kimi istefa vermək əvəzinə, hirsini ətrafındakılardan çıxıb. Gərginlik o qədər böyüyüb ki, rüsvayçı həddə çatıb. Mədəniyyət xatirinə baş verən olayı qeydə almıram. Ən acınacaqlısı, Bəhram Mürvətovun hadisəni Fuad Alıyevin üstünə atmasıdır. Başqa sözlə, qalmaqalı özü başlayıb, AGF rəhbərliyinə bunu gənc məşqçinin etdiyini söyləməsidir. Qitə çempionatının bürünc mükafatçısı mömün insan kimi tanınır. İdmançı vaxtlarında ünsiyyətim olub: sakit təbiətli, başıaşağı və zəhmətkeş oğlandır.

Heç Bəhram Mürvətovdan da bunu gözləmək olmazdı. Amma görünür, maliyyə böhranı səbəbindən federasiyada davam edən hərci-mərclik onu yolundan azdırıb. Əldə etdiyimiz bilgiyə görə, federasiya başbilənləri uğursuzluğa görə mütəxəssisi istefaya göndəriblər. Amma o bununla razılaşmayaraq, 1-ci vitse-prezident Namiq Əliyevə çıxmaq istəyir. Oxşar vəziyyət sərbəst güləşdə də var. Növbəti yazılarımda bu barədə məlumat verəcəyəm. Ümümən, yaxın günlərdə yeni dəyişikliklərlə bağlı KİV-ə rəsmi xəbər veriləcək.

Maliyyə vəziyyətinə gəlincə, qeyri-müəyyənlik davam etməkdədir. İyun ayının məvacibinin ödənilmədiyi söylənilir. Belə olan şəraitində, işini itirən gənc məşqçilərin yerinə kimin gətiriləcəyi sual doğurur. Axı AGF-də mövcud durum hamıya bəlllidir. Pulsuz kim çalışacaq? Böhran artıq yavaş-yavaş yeniyetmələrdə nəticəyə təsir edir. Vəziyyət tezliklə düzəlməzsə, proses daha dərinləşəcək və növbəti uğursuzluq zolağına yol açacaq.

K.HACI

Həmin kateqoriyadan