- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Rio-2016-dan sonra Güləş federasiyasının hakimlər kollegiyasında gözlənilən istefa baş verdi. Əski baş katib Əjdər Cəfərovun dönəmində təyin olunan Bəhmən Tələbi vəzifəsindən uzaqlaşdırıldı. Ötən ilin payızından boş qalan bu kürsüyə hələ heç kim gətirilməyib. Allsport.az saytına daxil olan məlumata görə, bu posta bir neçə namizədin adı hallanır.
Birinci talib, olimpiya dərəcəli hakim Hicran Şərifovdur. O, Pekin, London və Rio oyunlarını idarə etməklə nəinki Azərbaycan güləşi, ümumiyyətlə ölkə idmanı tarixinə düşüb. Bu rekord göstərici müqabilində tanınmış mütəxəssis keçən ilin sonu ölkə başçısı İlham Əliyev tərəfindən «Olimpiya» ordeni ilə mükafatlandırılıb. Onun başqa təltifləri də var. Dünya güləşində əlaqələrinin yüksək səviyyədə olduğu bildirilir. Keçmiş baş katib Əjdər Cəfərov uzun sürən soyuq və gərgin münasibətlər müqabilində, ona bata bilmədi. Baxmayaraq ki, sabiq FİLA prezidenti Rafael Martinetti ilə yaxın əlaqəsi vardı. Əvəzində, o beynəlxalq təşkilatda mövqeyini itirdi, Hicran Şərifov isə daha önə getdi.
İkinci namizəd Asif Şirəliyevdir. Ünlü yunan-Roma güləşçisi son olimpiya tsiklində ən yüksək dərəcə (İ-S) alıb. Kifayət qədər beynəlxalq təcrübəsi var. AGF siyasət işlədib ona dəstək versəydi, Rio-2016-da 2 referimiz olacaqdı. Demək, bizdən ikiqat çəkinəcəkdilər. Belədə, qızıl medal qazanacağımıza da əngəl yaranmazdı. Asif Şirəliyevin özü də bu təyinata maraqlıdır.
Növbəti talib 1-ci kateqoriyalı hakim Qərib Əliyevdir. O, sakit təbiətli, işində peşəkardır. Bu yaxınlarda 60 illik yubileyini keçirib. Sözü gedən mütəxəssis bir müddət hakimlər kollegiyasına sədrlik edib. Amma keçmiş baş katib Əjdər Cəfərov onu uzaqlaşdıraraq, yerinə iranlı Bəhmən Tələbi gətirdi. Bu təyinat zaman-zaman güləş ictimaiyyətində müzakirəyə çevrildi. Çünki Azərbaycan hər zaman hakimləri ilə dünyada seçilib. Sovetlər dönəmində Məkan Zaalov, müstəqilliyimizin ilk çağlarında Oqtay Hüseynov 2 dəfə olimpiya oyunlarında ədaləti qoruyublar. Sonrası bəllidir, yuxarıda qeyd etmişəm.
Digər namizəd elə Əjdər Cəfərovun özü ola bilər. O da hakimlər kollegiyasının sədri vəzifəsində çalışıb. Onun dönəmində ciddi nizam-intizam yaranıb, beynəlxalq dərəcəli referilərimizin sayı artmağa başlayıb. Əjdər Cəfərov bu işdə tez bir zamanda yüksəlib. FİLA hakimlər komissiyasının o zamankı başçısı Mario Saletnikin (ABŞ) dəstəyi ilə qısa zamanda yuxarı dərəcəyə yiyələnib. O bu postunda özünü doğtruldaraq baş katibliyə yüksəlib. 1-ci kateqoriyalı referilərimiz İntiqam Alıyev, Sədi Quliyev və Natiq Hacıyev də sədrliyinin öhdəsindən gələ bilmək iqtidarındadırlar. Hicran Şərifovla Bəhmən Tələbinin keçirdiyi seminarlarda xeyli ədalət təmsilçisi öz bilik və bacarığını artırıb; onlar beynəlxalq və yerli yarışlarda işlərinin layiqincə görürlər.
Kamran HACI