Güləş üzrə milli komandalarımız qarşıdan gələn mühüm yarışlara hazırlaşır

Allsport.az saytı xəbər verir ki, iyunun 24-dən iyulun 7-dək Serbiyanın Novi Sad şəhərində U-17 və U-20 Avropa çempionatı keçiriləcək. Bu yaş qrupu üzrə yığmalarımız müxtəlif məkanlarda təlim-məşq toplanışı keçir.

Yeniyetmələr iyunun 9-dan Xaçmaz olimpiya idman kompleksində məskunlaşıb. Hazırlıq ayın 23-dək davam edəcək. Bu yaş qrupu üzrə yunan-Roma güləşi komandamız iyunun 3-dən paytaxtda toplanışa start verib. Çalışmalara iyunun 19-da yekun vurulacaq. Qızlardan ibarət kollektiv də qitə birinciliyinə Bakıda hazırlaşır. TMT 9-24 iyun tarixlərini əhatə edir.

Gənclərə gəlincə, sərbəst güləşçilər iyunun 2-dən Xaçmazdadır və ayın 12-dək şimal bölgəsində məşqləri davam etdirəcək. AÇ öncəsi son TMT 16 iyundan 3 iyuladək Bakıda baş tutacaq. Mayın 22-dən iyunun 8-dək Göygöl olimpiya idman kompleksində toplanış keçən gənc yunan-Roma güləşçilərimizin son hazırlıq 14-28 iyunda AGF-in təlim-məşq bazasında təşkil ediləcək. Gənc qızlar da 16 iyun – 1 iyul tarixlərində Bakıda toplanış keçib, Novi Sada yollanacaq.

Qadınlardan ibarət əsas komandamız bu gecə Macarıstana səfər edib. 10 günlük hazırlıq prosesi Tatada baş tutacaq. Ötən həftə həmin ölkədə keçirilən reytinq turnirində iştirak etmiş sərbəst güləşçilərimiz isə artıq vətənə qayıdıb. Komanda iyunun 12-dən olimpiadaya hazırlığın növbəti mərhələsinə start verəcək. Ayın 26-dək Göygöldə fiziki hazırlığın yaxşılaşdırması məqsədilə toplanış həyata keçiriləcək. Yunan-Roma güləşçilərimiz də eyni məqsədlə Göygölə səfər edəcək. Bu komandamızın toplanışı 14-26 iyunu əhatə edəcək.

Həmin kateqoriyadan