Güləşçilərin etiraz tədbirindən istifadə edən maraqlı qüvvələr AGF-nin daxili işinə müdaxiləyə başlayıb

Ötən cümə güləşdə baş verən bir hadisə bütün idman ictimaiyətini silkələyib. Sərbəst və yunan-Roma güləşi üzrə yığmanın üzvləri vəd etdikləri kimi, Olimpiya Güləş Mərkəzinin həyətində toplaşaraq etiraz tədbiri keçiriblər. Dünyaca məşhur bahadırlarımız KİV önünə çıxaraq, uzun müddətdir maaş almamalarından və şəraitsizlikdən şikayətləniblər. Komanda üzvlərinin bu yığıncağı idman ictimaiyətində gərginlik yaradıb – üstəlik, kənarda duran, gözləmə mövqeyində olan və AGF-in rəhbərliyinə gizli müxalif dayanan müəyyən qrupların fəallaşmasına səbəb olub, söz-söhbətlərə yol açıb. Maraqlı qüvvələr əsas məsələni buraxıb, federasiyanın daxili işinə qarışmağa başlayıblar.

Hələlik hədəfdə 3 şəxs var: bunlar vitse-prezidentlər Elçin Cəfərov, Məhəmməd Əliömərov və sərbəst güləş üzrə baş məşqçi Firdovsi Umudov. Bu gün adı ilk çəkilən mütəxəssisin ailəsinin özəl həyatına müdaxilə olunub, oğlunun yaşam tərzi barədə yazı və fotolar dərc olunub; qeyd edilib ki, dəbdəbəli həyat sürür. Hər bir ata övladının yaxşı yaşaması üçün çalışır. Üstəlik, əgər bu rifah halal yolla təmin olunursa. Elçin Cəfərov 2002-ci ildə yunan-Roma güləşi üzrə milliyə baş məşqçi təyin olunub. Çalışdığı dövrdə komandamız yüksək nəticələr göstərib. Onun rəhbərliyi ilə Fərid Mansurov Afina yay olimpiya oyunlarını qalibi və 2-qat dünya çempionu və mükafatçısı olub, Rövşən Bayramovla Vitali Rəhimov Pekin-2008-də finala çıxıblar.

Adları son çəkilən bahadırlarımız Avropa çempionluğunu yaşayıblar, bu və dünyanın ən güclülərinin yarışında mükafatçılar sırasına düşüblər. 2010-cu ildə Həsən Əliyev Moskvada dünya çempionatında 1-ci yer tutub. 2008-ci ildən Elçin Cəfərov vitse-prezident təyin olunsa da, bu vəzifəsini 2 il də davam etdirib. Bundan sonra da yığmada uğurların davamı gəlib. «Şöhrət» ordenli Elçin Cəfərov ölkənin ən titullu yerli məşqçisi sayılır. Qazanılan nəticələrin müqabilində dəfələrlə dövlətdən pul mükafatı alıb, bunun vergisini ödəyib. Təbii ki, onun yaxşı yaşamağa haqqı var, buna öz zəhməti hesabına yiyələnib. Hər şey ortada, göz qabağında . Belədə, onun hərbi xidmətə hazırlaşan 21 yaşlı oğlunun rifahının kimə nə aidiyyatı var? Yayda dənizdə çimməli deyilmi, günəş şüası qəbul etməməlidirmi? Bildiyim qədər, ata-bala bir avtomobili idarə edirlər. Maraqlıdır ki, bu xəbər güləşçilərimizin etiraz tədbirindən bir neçə gün sonra dərc olunur. Demək, burada xain qüvvələr var. Axı, Elşən Cəfərov xeyli müddətdir atasının halal qazancı hesabına idmanla məşğul olur, ali təhsil alır, normal həyat yaşayır.

Məhəmməd Əliömərov AGF-də sərbəst və qadın güləşinə nəzarət edir. Bu növdə uğurlarda onun böyük əməyi var. Eləcə də, xeyli vaxtdır milli komandada çalışan, ötən ildən komandanın başına keçən Firdovsi Umudovun güləşçilərimizin maaş almamasında nə günahı var? Məvacibi onlarmı verirlər? Sosial şəbəkədə və KİV-də bü mütəxəssisləri istefaya səslənməsi xəbərini anlamaq olmur. Özəlliklə, bu sətiraltı ifadəni digər federasiya nümayəndələri və idmançılardan duymaq.

Bu durumdan keçmiş baş katib Əjdər Cəfərov da narahatdır. O, güləşçilərin etiraz tədbirinin onun üstünə atılmasından qorxur. Son günlər güləş camiyəsində vəziyyət nəzarətdən qaçma kimi görünür. Hələlik, bahadırlarımız birlik nümayiş etdirir. Amma onlara qarşı hücumlar artıb. Titullu pəhləvanlar hədəfə tuş gəlib, şayiələr artıb. Federasiya prosesə səbrlə yanaşır, araşdırma aparır. Yaxın günlərdə duruma rəsmi aydınlıq gələcək. Dünya çempionatı ərəfəsində güləşçilərimizin çevrəsi daralıb. Komandaların məşqçiləri hələ seyrçi mövqeyindədir, olayın nəylə yekunlaşacağını gözləyirlər. Təlim-məşq toplanışı 1-2 günə bərpa olunmalıdır. Hamı bahadırlarımızın hansı reaksiya verəcəyini gözləyir. Mütəxəssislərin rəyinə görə, komanda üzvləri bu mübarizədə birliyi qorumasalar, əziləcəklər.

K.HACI

Həmin kateqoriyadan