LAYİHƏ
Hədəf, güləşin səviyyəsini bölgələrdə ən yüksəyə qaldırmaqdır

Ölkəmizdə bədən tərbiyəsinə göstərilən böyük qayğı əhalinin müxtəlif təbəqələrinin idmana cəlb edilməsini ilbəil artırıb. Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə 1998-ci ildən başlayaraq, iki ildən bir keçirilən yeniyetmələrin respublika oyunları idmanın həm bölgələrdə inkişafı, həm də kütləviliyi baxımından yeni mərhələnin əsasını qoyub. Ölkə başçısının ilk oyunlarda irəli sürdüyü “Qoy güclü qalib gəlsin!” arzu-şüarı çox keçmədən bütün yarışlarımızın əsas şüarına çevrilib. Dövlətimizin idman siyasətini daim diqqət mərkəzində saxlayan Azərbaycan Güləş Federasiyası (AGF) təkcə paytaxtda deyil, xeyli vaxtdır regionlarda da yeniyetmə pəhləvanların püxtələşərək, tələb olunan səviyyəyə çatdırılması istiqamətində ciddi iş aparır; 2010-cu ildən başlayaraq aşığı yaş qrupları üzrə mərhələli respublika turnirləri keçirilir, perspektivli güləşçilər təlim-məşq toplanışlarına cəlb edilir, onların daim bir yerdə məskunlaşması üçün yollar axtarılır.

Sağlam təməl qoymaq üçün, təbii, münbit şərait və bundan doğan məqsədli qərarlar vermək lazım gəlirdi. Həmin an ötən 2009-cu ilin sonunda, federasiyanın V konfransında yetişdi. Toplantıda bölgələrə özəl diqqət yetirilməsi gələcək strategiyanın əsas tərkib hissəsi oldu. Regionlar üzrə vitse-prezident vəzifəsi təsis edildi və Azərbaycan üzrə 8 nümayəndəlik yaradıldı.
Nəticəni hiss etmək üçün çox zamana gərək qalmadı. Az keçmiş, yerlərdə canlanma baş verdi. Bölgələrlə bağlı məsələ həssas, mürəkkəb olduğundan, bu işin idman ictimaiyyətində geniş nüfuzu olan şəxsə həvalə edilməsi lazım idi. Zaman göstərdi ki, təcrübəli mütəxəssis Cavanşir Qurbanov ona bəslənən etimadı layiqincə doğruldur. 2008-ci ildə AGF-in nümayəndə heyəti bütün regionlara səfər etdi. Məqsəd yerlərdə işin mövcud vəziyyət ilə tanış olmaq, aşkara çıxan problemləri mümkün qədər yerində həll etmək idi. Bölgələrlə tanışlıq göstərdi ki, Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Azərbaycan Güləş Federasiyasının birgə fəaliyyəti işi daha səmərəli edir.

Bölgələrdə sürətlə tikilən olimpiya kompleksləri idmanın canlanmasını, inkişafını bir qədər də sürətləndirib. Gənclər və idman naziri Azad Rəhimovun tapşırığına əsasən, bu idarənin balansında olan həmin idman qurğularında olimpiya növləri üzrə məşğələlər pulsuz keçirilir.
İndi nəinki rayonlarda, kənd orta məktəbləri nəzdində də standartlara cavab verən idman zalları inşa edilib, yarışlar keçirilir. Güləşçilərin dövlətin bu qayğısından bəhrələnməsi sevindiricidir. Amma qarşısına yüksək hədəflər qoyan AGF bununla kifayətlənməyərək, regionlarda güləş zallarının təmiri və yenidən qurulmasına idman avadanlıqları ilə təmin edilməsinə xüsusi diqqət yetirir.

Rəhbərliyin kütləvilik istiqamətində başlıca addımlarından biri də bütün rayonlarda güləş bölmələrinin (sərbəst və yunan-Roma güləşi) açılmasına nail olmaqdır. İndi burada bir incə məqam ortaya çıxıb. Son zamanlar xanım pəhləvanlarımızın beynəlxalq arenalarda qazandıqları uğurlar sayəsində yerlərdə qadın güləşinə maraq artıb və onun geniş yayılması vacib məsələyə çevrilib. Bu məqsədlə federasiya qadın güləşi üzrə məşqçilərin iştirakı ilə regionlarda genişmiqyaslı tədbirlər planı həyata keçirir.
Rayonlarda mövcud olan internat məktəblərində güləş bölmələrinin açılması da inkişaf proqramının tərkib hissəsidir. Artıq federasiya Sumqayıt, Siyəzən, Qusar, Göyçay və Gəncədə bu istiqamətdə məqsədinə çatıb.

Seleksiya işlərində də irəliləyişlər var. Güləşçilərin qazandığı uğurların lazımınca qiymətləndirilməsi regionlarda məşqçiləri hərəkətə gətirib. Yerlərdə çalışan mütəxəsisslər istedad axtarışı niyyəti ilə kəndlərə, obalara çıxırlar. Rəhbərlik yuxarı çəki dərəcələrində çoxdan bəri davam edən problemi nəzərə alaraq, diqqəti əsasən buraya yönəldib. Ümumi işi gücləndirmək üçün, xeyli müddətdir mərkəzdən bölgələrə məşqçilərin təhkim olunmasına başlanılıb. Bundan savayı, yerlərdəki məşqçilərin, hakimlərin maarifləndirilməsi məqsədi ilə vaxtaşırı seminarlar keçirilir. Yeri gəlmişkən, AGF nümayəndələri regionlara səfər çərçivəsində rayon rəhbərliyi, idman təşkilatlarının başçıları ilə görüşlərdə kənd məktəblərində çalışan bədən tərbiyəsi və idman müəllimlərinə seminarların təşkil edilməsini, onlara güləşin elementlərinin öyrədilməsi və yerlərdə tətbiqini, federasiyanın işləyib hazırladığı test normativləri üzrə aşağı sinif şagirdləri üçün yarışların keçirliməsini tövsiyə ediblər ki, bu da kütləviliyə nail olunması istiqamətində vacib addımdır.
Bakı Azərbaycanın döyünən ürəyi olduğundan, təbii, baş şəhərə diqqət ayrıdır. Paytaxtda fəaliyyət göstərən «Cəngi», «Həyat», «Xəzri», «Bakı», «Hövsan», «Müşfiqabad», «Nardaran», «Pirallahı», «Xosrov Cəfərov», «Qaradağ» və «Azəri» Güləş Klubları əsasən aşağı yaş qruplarında uşaq-yeniyetmələri yetişdirməklə məşğuldurlar. Məlumat üçün bildirim ki, adlarını qeyd etdiyim klublarda məşğələlər tam pulsuz keçirilir, orada çalışan mütəxəssislər AGF-dən maliyyələşir.

ABŞ prezidenti Con Kennedi dövlətin nüfuzunun iki şeylə ölçüldüyünü deyirdi: biri – kosmik raketlər, digəri – olimpiya qızıl medalları. Biz ikinci yoldayıq. Çünki idman ölkə siyasətinin ayrılmaz bir hissəsidir və o da həqiqətdir ki, idman uğurları, rekordları çox vaxt tarixi baxımdan nisbətən qısaömürlü olsalar da, dərhal, qazanıldıqları andan dillərə düşür, sahiblərinin və onların təmsil etdikləri ölkələrin adını dilə-dişə salır, məşhurlaşdırır, dünyada tanıdır. Azərbaycan güləşi bu yolun ayrılmaz, deyərdim ki, lider tərkib hissəsidir: dünyanın hər yerində, hər bir idman meydanında dövlət himnimiz səslənir, milli bayrağımız qaldırılır. Amma uğurları qazanmaq nə qədər çətindirsə, onu qorumaq və daha irəli getmək ondan da mürəkkəb işdir. Çünki hər bir müvəffəqiyyət özündə uğursuzluq toxumu gizlədir. Geri qalmamaq, sürətli inkişaf üçün vahid ailə fəaliyyətini davam etdirib, verilən qərarların obyektiv reallığını görmək, məqsədyönlü çalışmaq lazımdır.

Kamran HACI

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”

 

Həmin kateqoriyadan