“Hərbçi güləşçilərimiz”dən dünya oyunlarının ilk günündə 1 bürünc medal

Koreyanın Mungyeong  şəhərində hərbçilərin 6-cı dünya oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edirlər. Sərbəst güləş yarışlarının ilk günündə 57, 65, 74 və 97 kq çəkidə güləşçilər mübarizə aparıb. Güləşçilərimiz günü 1 bürünc medalla başa vurub.

65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev əvvəlcə Almaniya təmsilçisi Kevin Henkeli (11:0), ardınca Hindistanlı Raniş Ranişi (10:0) məğlub edib. Yarımfinalda Rusiya təmsilçisi Maqomed Kurbanaliyevə (1:3) hesabı ilə uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Həlledici görüşdə Ukraynadan Vasil Şuptarla görüşü (5:0) qalib tamamlayan Ağahüseyn Mustafayev yarışların bürünc medalını qazanıb.

57 kq çəkidə yarışlarda iştirak edən Ruslan Qasımov ilk görüşdə Rusiya təmsilçisi Azamat Tuskaevi (3:2) məğlub edərək mübarizədən kənarlaşdırıb. Yarımfinalda Qazaxstanlı Vladimir Kudrinə (5:10) uduzan güləşçimiz bürünc medal görüşünə çıxıb. Ancaq Hindistanlı Manqal Kadyanla görüşü də (4:11) uduzan Ruslan yarışları 5-ci sırada tamamlayıb.

Sərbəst güləş yarışlarının ikinci günündə Mircəlal Həsənzadə (61 kq), Coşqun Əzimov (70 kq) və İbrahim Yusubov (86 kq) xalça üzərinə çıxacaqlar.

 

Həmin kateqoriyadan