Hərbçilərin dünya idman oyunlarında daha bir güləşçimiz fərqlənib

Koreyanın Mungyeong  şəhərində hərbçilərin 6-cı dünya oyunları keçirilir. Allsport.az saytı xəbər verir ki, yarışda ölkəmizi Mərkəzi Ordu İdman Klubunun sərbəst və yunan-Roma güləşi üzrə komandası təmsil edir.
Sərbəst güləş yarışlarının ikinci günündə 61, 70, 86 və 125 kq çəkidə güləşçilər mübarizə aparıb. Pəhləvanlarımız günü 1 gümüş medalla başa vurub.

70 kq-da mübarizə aparan Coşqun Əzimov finala qədər inamla güləşib. Ardıcıl olaraq Livandan Kamal əl Katibi (13:1), Ukraynadan Yevgeni Xavilovu (10:2), yarımfinalda isə Monqolustan təmsilçisi Ganzoriç Mandaxnaranı (6:3) mübarizədən kənarlaşdıran Coşqun Əzimovun həlledici görüşdə rəqibi Rusiya idmançısı Soslan Romanov olub. Rəqibinə uduzan güləşçimiz Hərbçilərin 6-cı Dünya İdman Oyunlarının gümüş medalına yiyələnib.

Xatırladaq ki, sərbəst güləş yarışlarının ilk günündə 65 kq-da mübarizə aparan Ağahüseyn Mustafayev bürünc medal qazanıb.

Yunan-Roma güləşçilərimiz isə, oktyabrın 9-10-da mübarizəyə qoşulacaq. Yunan-Roma güləşi yarışlarında Ramiz Məmmədov (59 kq), Samran Nəsibov (71 kq), Cavid İbrahimli (75 kq), Rafiq Hüseynov (80 kq), Soltan İsmayılov (85 kq) və Türmən Eyyubov (98 kq) ölkəmizi təmsil edəcək.

Həmin kateqoriyadan