Həsrət Cəfərovdan gümüş medal

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən İslam həmrəyliyi oyunlarında güləş yarışına start verilib.

Allsport.az xəbər verir ki, bu gün yunan-Roma güləşi üzrə 4 çəkidə mübarizə baş tutub.

Nihat Məmmədli (60 kq) Komor adaları təmsilçisi Latuf Madiyə tam üstünlüklə (11:0) qalib gəlsə də, 1/4 finalda son dünya çempionatının gümüş medalçısı, özbəkistanlı dünya Əlişər Qaniyevə (0:3), bürünc medal görüşündə isə iranlı Əli Vəfaya (2:3) məğlub olub.

Həsrət Cəfərov (67 kq) əfqanıstanlı Məhəmməd Aslam Zadəyə tam üstünlüklə (9:0), qırğızıstanlı Razzak Bəyşəkəyevə 5:3, misirli Məhəmməd Əbdülrəhimə isə 4:1 hesabıyla qalib gələrək finala yüksəlib. Həlledici görüşdə iranlı olimpiya və dünya çempionu Səid İsmayıliylə qarşılaşan həmyerlimiz ilk hissəni 3:0 hesablı üstünlüklə başa vurub. Ancaq görüşün bitməsinə 4 saniyə qalmış rəqibin fəndinin qarşını ala bilməyən güləşçimiz yekunda 3:8 hesabıyla məğlub olub və İslam həmrəyliyi oyunlarında gümüş medalı boynundan asıb.

Ülvü Qənizadə (77 kq) təsnifat mərhələsində iranlı Əmir Əbdiyə (0:9) uduzub. O, təsəlliverici görüşdə tacikistanlı Həbibcan Zuhurova 5:3 hesabıyla qalib gəlsə də, bürünc medal görüşündə özbəkistanlı Abdulla Əliyevə sonuncu xal prinsipinə əsasən (2:2) məğlub olub.

İslam Abbasov (87 kq) 1/4 finalda iranlı dünya çempionu Qulamrza Fərruxisenjaya (0:3), bürünc medal görüşündə isə qırğızıstanlı Asan Canisova (0:9) uduzub.

Həmin kateqoriyadan