Hacı Əliyev: “İlin sonunadək karyeramla bağlı yekun qərarımı verəcəyəm”

“Tokio olimpiadasında bir çox problemlər yaşadıq. Hər gün səhər koronavirus testi verirdik və düşünürdük ki, cavab pozitiv çıxa bilər. Amma şükürlər olsun ki, heç kim yoluxmadı”.

Allsport.az xəbər verir ki, bunu Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev (65 kq) Tokio-2020 yay olimpiya oyunları zamanı üzləşdiyi çətinliklər barədə milli antidopinq agentliyinin rəsmi instaqram səhifəsindəki canlı yayımda deyib.

Yarışın gümüş mükafatçısı bildirib ki, hansısa idmançı olimpiya şəhərciyini icazəsiz tərk etsəydi, bütün komanda karantinə alınırdı: “Bu səbəbdən çölə çıxmamağa çalışırdıq. Səhv etmirəmsə, hansısa ölkənin yığması buna görə problemlə üzləşmişdi. Çox ehtiyatla hərəkət edirdik”.

3 qat dünya və 3 qat Avropa çempionunun sözlərinə görə, problemlərə baxmayaraq, yaxşı nəticə qazanmaq üçün əllərindən gələni ediblər: “Düzdür, bu dəfə qızıl medal olmadı. Lakin olimpiadanın bütün medalları dəyərlidir. Yarışda ikinci yeri tutduğum üçün xoşbəxtəm. Çünki bu medalı qazanmaq üçün çox əziyyət çəkmişəm. Məşqçilərim, yaxınlarım bilirlər ki, çəkisalma müddətində bir neçə dəfə özümdən getmişəm. Ona görə də bu medal mənim üçün çox dəyərlidir”.

Titullu idmançı 2024-cü ildə Fransanın paytaxtı Parisdə keçiriləcək yay olimpiya oyunlarında da iştirak etmək istədiyini söyləyib: “Özümdə bu gücü hiss edirəm. Amma ora iştirak xatirinə yox, medal üçün getmək lazımdır. Çox çalışmalıyam. Çünki səhhətimlə bağlı bir az problemlər var. Yəqin ki, bu ilin sonunadək karyeramla bağlı yekun qərarımı verəcəyəm”.

Həmin kateqoriyadan