ÖZƏL
Hacının Vazgenə yenilməsi nazirliyi hərəkətə gətirib

Ötən həftə Macarıstan paytaxtı Budapeştdə keçirilən qitə olimpiya təsnifatında sərbəst güləşdə 65 kq-da Tokio-2020-yə vəsiqə qazanan Hacı Əliyev, finalda Ərmənlərdən olan rəqibi Vazgen Tevanyana 0:9 yenilməsi böyük müzakirəyə yol açıb. 3-qat dünya və 3-qat Avropa çempionumuz açıqlamasında, buna çox təəssüfləndiyini, yarışdan 2 ay öncə gözündən ağır əməliyyat keçirməsi və hətta yarışa qatılmasının sual altında olması ilə əlaqələndirsə də, düşmən ölkə qələbəni xüsusi şəkildə bayram edir. Əksər hallarda idman arenalarında, ötən ilin sonlarında 2-ci Vətən müharibəsində döyüş meydanında ağır yenilgiyə uğrayan ermənilər, sosial şəbəkədə bunu böyük hadisə kimi qabardır, finaldakı nəticəni Feysbukda reklam bölməsində paylaşaraq, Azərbaycan internet məkanına soxulmaqdan belə çəkinməyiblər.

Aydın məsələdir ki, Hacı Əliyev kimi öncül və titullu idmançının finalda böyük hesabla düşmən ölkənin nümayəndəsinə uduzması içdə narahatçılığa gətirib çıxaracaqdı. Allsport.az saytının əldə etdiyi məlumata görə, hər bir federasiyayadan 2016-cı il daxil olmaqla, son günlərə qədər kecirilmiş yarışlarda Azərbaycan idmançılarının ermənistanlı rəqibləri üzərində qələbələri və məğlubiyyətlərinin statistikası istəlinib. Gənclər və idman nazirliyinin tələbində Rio olimpiadası, Avropa-dünya çempionatları və kubokları, olimpiya təsnifatları, qran-prilər daxildir. İdman şöbəsinin tapşırığına əsasən, iş günü baslayana qədər siyahının təqdim olunması vacibdir.

Yeri gəlmişkən, idman qələbələri arasında göstərici xeyrimizədir. Cüdoçumuz Elmar Qasımov 2009-cu ildə İrəvanda gənclərin Avropa birinciliyində baş mükafata sahib çıxıb və onun şərəfinə Ermənistanın paytaxtında Azərbaycanın dövlət himni səsləndirilib. Qarşı tərəf belə uğuru yaşamayıb.

Söz yox ki, koronavirus pandemiyasından dolayı artıq 1 ildən çoxdur idman salonları bağlıdır və bu səbəbdən sözü gedən peşənin sahibləri xeyli geri düşüblər. Yığma komandalara təlim-məşq icazə verilsə də, heç də bütün idmançılar yüksək hazırlıq vəziyyətinə qayıda bilməyiblər. Zalların bağlanması ehtiyat qüvvənin yetişib formalaşmasını da əngəlləyib. Durumun nə vaxt nizamlanacağı isə hələ də qaranlıqdır.

Həmin kateqoriyadan