- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Noyabrın 26-da Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) tanınmış güləş hakimi, əməkdar idman xadimi Hicran Şərifovun 50 illik yubileyinə həsr olunmuş “Zəhmətlə zəfərə doğru” kitabının təqdimat mərasimi keçirilib. Allsport.az xəbər verir ki, tədbir Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Sonra H.Şərifovun idman sahəsindəki nailiyyətləri ilə bağlı videoçarx nümayiş etdirilib.
Qeyd olunub ki, güləş üzrə beynəlxalq dərəcəli hakim H.Şərifov 2008-ci il Pekin və 2012-ci il London Olimpiya oyunlarında, dünya və Avropa çempionatlarında görüşlərin yüksək səviyyədə idarə olunmasında Azərbaycanı uğurla təmsil edib. O, London Olimpiya Oyunlarında “Qızıl fit” mükafatına layiq görülüb. Ölkəmizdə idmanın inkişafındakı xidmətlərinə görə H.Şərifov 2010-cu ildə Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülüb.
Tədbirdə çıxış edən Gənclər və İdman Nazirliyinin baş məsləhətçisi Tofiq Eyvazov nazir Azad Rəhimovun adından H.Şərifova təbriklərini çatdırıb. O, tanınmış hakimin Azərbaycanda idmanın inkişafındakı xidmətlərini diqqətə çatdırıb, bu yolda ona uğurlar arzulayıb.
MOK-un vitse-prezidenti Xəzər İsayev ölkəmizdə idmanın kütləviliyinin artırılmasında H.Şərifov fəallığı ilə seçildiyini vurğulayıb.
Azərbaycan Güləş Federasiyasının baş katibi Əjdər Cəfərov qurumun prezidenti Fazil Məmmədovun adından yubilyara təbriklərini çatdırıb.
Tədbirdə, həmçinin Dünya Güləş Birliyinin hakimlər kollegiyasının nümayəndəsi Antonio Silvestri və digərləri çıxış ediblər.
Sonda H.Şərifov tədbir iştirakçılarına minnətdarlığını bildirib, Azərbaycan dövləti və ölkəmizin idman ictimaiyyəti tərəfindən onun fəaliyyətinə yüksək qiymət verildiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Azərbaycana mühüm uğurlar qazandıran güləşçilərin yetişməsində mühüm rol oynayan məşqçilərdən biri də H.Şərifovdur. Onun yetirmələri dəfələrlə beynəlxalq yarışlarda, Olimpiya Oyunlarında zəfərlər qazanıblar. H.Şərifov beynəlxalq dərəcəli güləş hakimi kimi də ölkəmizi uğurla təmsil edir. Fəaliyyətində yalnız ədalət prinsipini rəhbər tutan H.Şərifov əfsanəvi futbol hakimi Tofiq Bəhramovdan sonra “Qızıl fit” mükafatını almış ikinci həmyerlimizdir.
H.Şərifovun keçdiyi şərəfli ömür yolundan, beynəlxalq arenalarda ölkəmizi ləyaqətlə təmsil etməsindən və bu yolda göstərdiyi misilsiz xidmətlərdən, polis zabiti kimi diqqətə layiq fəaliyyətindən bəhs edən “Zəhmətlə zəfərə doğru” kitabı ölkəmizin idman ictimaiyyəti üçün dəyərli töhfədir. Kitabda tanınmış idman xadiminin 50 illik yubileyi ilə bağlı ölkəmizin və beynəlxalq idman ictimaiyyətinin, yubilyarın yaxınlarının ürək sözlərinə də yer verilib.