- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB oyunlarının rəsmi açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, Gəncə şəhər stadionunda təşkil olunan tədbirdə prezident İlham Əliyev və bir sıra dövlət rəsmiləri iştirak edib.
Saat 19:00-da start götürən mərasimə yarışlarda iştirak edən 13 ölkədən ümumilikdə 1624 idmançının ənənəvi paradı ilə başlanılıb.
Azərbaycanın bayraqdarları karateçi Asiman Qurbanlı və taekvondoçu Zemfira Həsənzadə olublar. Onların rəhbərliyi ilə Azərbaycan komandasının keçidi böyük alqışlarla qarşılanıb.
Daha sonra III MDB oyunlarının milli təşkilat komitəsinin sədri Samir Şərifov, MDB baş katibinin müavini Nurlan Seyitimov iştirakçıları salamlayaraq onlara uğurlar arzulayıb.
Onların ardınca isə idmançılar adından çövkən üzrə Azərbaycan komandasının kapitanı Elçin Camallı, məşqçilər adından sərbəst güləş üzrə milli komandanın baş məşqçisi Əsgərxan Novruzov, hakimlər adından isə bədii gimnastika üzrə beynəlxalq dərəcəli hakim Leyla Cəbrayılova yarışların ədalətli keçəcəyinə and içiblər.
Daha sonra prezident İlham Əliyev III MDB oyunlarını açıq elan edib.
Açılış mərasimi Azərbaycanın zəngin mədəniyyətini və tarixi irsini əks etdirən rəngarəng şou proqramla davam edib.
III MDB oyunları “Hər qəlbdə bir qələbə” şüarı altında keçirilir və maskotları Qafqaz bəbirinin obrazı əsasında yaradılmış “Bəbir” və “Leyla”dır.
28 sentyabr – 8 oktyabrda davam edəcək oyunlar təkcə Gəncə deyil, həm də Yevlax, Mingəçevir, Qəbələ, Şəki, Göygöl və Xankəndi şəhərlərinin 12 idman məkanında təşkil olunacaq.