İki finalçı

Slovakiyada güləş üzrə Avropa çempionatı davam edir.

Allsport.az xəbər verir ki, ikinci yarış günündə sərbəst güləş üzrə 61, 74, 86, 92 və 125 kq-da finalçılar müəyyənləşib.

Mübarizəyə 1/4 finaldan qoşulan Nürəddin Novruzov (61 kq) albaniyalı dünya çempionu və Avropa ikincisi Zəlimxan Abakarovla bacarmayıb – 2:11.

Ağanəzər Novruzov (74 kq) debütdə belaruslu Yaqor Akuliçi vaxtından əvvəl mübarizədən kənarlaşdırıb – 10:0. Gənc güləşçi 1/4 finalda gürcüstanlı Giorgi Elbakidzedən güclü olub – 5:3. Novruzov finalın bir addımlığında albaniyalı olimpiya medalçısı Çermen Valiyevə 0:6 hesabıyla məğlub olub və sabah bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə rəqib bolqarıstanlı Ramazan Ramazanov olacaq.

Arseniy Cioyev (86 kq) 1/8 finalda rusiyalı olimpiya və dünya mükafatçısı, 3-qat Avropa çempionu Artur Nayfonova (UWW) minimal fərqlə uduzub – 1:2.

Osman Nurməhəmmədov (92 kq) ukraynalı Denis Sahalyuka (11:0) və belaruslu Yaraslav Yadkovskiyə (10:0) tam üstünlüklə qalib gəlib. Təmsilçi yarımfinalda gürcüstanlı dünya ikincisi Miriani Maysuradzeni 5:2 hesabıyla üstələyib. Osman finalda yunanıstanlı Dauren Kuruqliyevlə qarşılaşacaq.

Yarışa 1/4 finaldan start verən Giorgi Meşvildişvili (125 kq) macarıstanlı 3-qat Avropa mükafatçısı Vladislav Baytsayevə 5:0 hesabıyla qalib gəlib. Olimpiya medalçısı yarımfinalda isə gücünü belaruslu Yanis Xramiankova göstərib – 8:5 . Meşvildişvili qızıl medal uğrunda gürcüstanlı Solomon Manaşviliylə güləşəcək.

Həmin kateqoriyadan

azenrutr