- Baxış sayı: 267
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Həftəsonu Misirin İsgəndəriyyə şəhərində çimərlik güləşi üzrə dünya sıralamasının final mərhələsi keçirildi.
Allsport.az xəbər verir ki, yarışda baş məşqçi Oyan Nəzərianinin rəhbərliyi altında 3 güləşçimiz çıxış etdi.
80 kq
Sahib Dadaşov misirli Adham Abdelzaherə (4:1), Vüsal Əliyev isə gürcüstanlı Diego Maxaradzeyə (3:2) qalib gələrək qrup mərhələsinə vəsiqə qazandılar.
“A” qrupunda yer alan Sahib gürcüstanlı Ramaz Zoidze (2:2) və moldovalı Vasile Diakonu (1:1) sonuncu xal prinsipinə əsasən üstələdi və serbiyalı Milyan Rayiçə heç bir imkan tanımadı – 3:0.
“B” qrupunda qərarlaşan Vüsal isə ilk turda ukraynalı Vasil Mixaylova 1:3 hesabıyla məğlub olsa da, növbəti turda zədəli fransalı Huqo Kueno üzərində texniki qələbə qazandı. Son turda isə yunanıstanlı Xristos Xristoforidisə 4:0 hesabıyla qalib gəldi.
Dadaşov qrup lideri, Əliyev isə ikinci yerin sahibi kimi yarımfinala yüksəldi. Finalın bir addımlığında təmsilçilərimiz üz-üzə gəlib və Vüsal Sahibi 3:2 hesabıyla məğlub etdi.
Dadaşov Zoidzeyə 4:2 hesabıyla qalib gələrək bürünc medal qazandı. Əliyev isə finalda Mixaylova 2:3 hesabıyla məğlub oldu və yarışı gümüş medalla başa vurdu.
90 kq
İbrahim Yusubov “A” qrupunda amerikalı Yakob Bumqardner (3:0), yunanıstanlı Mixail Akritidis (3:1) və gürcüstanlı Davit Xutsişviliyə (3:2) qalib gəldi. Qrup lideri kimi yarımfinala vəsiqə qazanan təcrübəli güləşçimiz amerikalı Cabari Ayronsa da gücünü göstərdi – 4:1. Yusubov finalda ukraynalı Oleksey Yakovçuka 2:1 hesabıyla qalib gələrək çempion oldu.
Dünya sıralamasının final mərhələsi başa çatdıqdan sonra bütün 5 mərhələdə güləşçilərin topladığı xallar hesablandı və hər çəki üzrə yekun 3-lük müəyyənləşdi.
Beləliklə, bu il çimərlik güləşində debüt edən Vüsal Əliyev 80 kq-da dünya çempionu oldu.
İbrahim Yusubov isə 90 kq-da eyni nəticəyə imza atdı. Artıq İbrahim çimərlik güləşi üzrə 4-qat dünya çempionudur.
İlk dəfə bir mövsümdə 2 təmsilçimiz böyüklər arasında çimərlik güləşi üzrə dünya çempionu adını qazanıb.