İlham Əliyev: Mən bilirəm ki, bu kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər

“FİFA-ya, şəxsən sizə, sizin həmkarlarınıza bu tarixi Kuboku Azərbaycan xalqına, azərbaycanlı azarkeşlərə təqdim etmək məqsədilə Bakıya gəlişiniz üçün minnətdaram.Biz Azərbaycanın və Bakının turnenin keçirildiyi ölkə və şəhərlərdən biri kimi seçilməsindən qürur duyuruq. Bu, bizim üçün həqiqətən də böyük şərəfdir. Bu gün bu, böyük bir hadisə olacaq və mən əminəm ki, azarkeşlər bu Kuboka baxmaqdan çox məmnun olacaqlar”.

Allsport.az saytı xəbər verir ki, bu sözü Azərbaycan prezidenti İlham Əliyev deyib. Futbol üzrə dünya çempionatı ərəfəsində kubokunun əsli Azərbaycana gətirilərək, İlham Əliyevə təqdim olunub. Görüşdə çıxış edən ölkə başçısı fikirlərini bildirib:

“Mən sizin icazənizlə bu kuboka toxundum. Mən bilirəm ki, kuboka yalnız çempionlar və dövlət başçıları toxuna bilərlər. Əminəm ki, tariximizdə ilk dəfə qeyd etdiyimiz bu əlamətdar hadisə futbolumuzda, oyunçularımızda daha da böyük həvəs oyadacaq, dünyada bu ən məşhur idman növünün Azərbaycanda inkişafına kömək edəcək. Biz futbolun, idmanın inkişafına kömək etməyə çalışırıq. Azərbaycanın idman sahəsində yaxşı nəticələri var. Keçmiş Rio olimpiadasında Azərbaycan yığması ümumi medal sayına görə dünyada 14-cü yeri tutdu.

Biz iki mötəbər beynəlxalq idman yarışına – Avropa və İslam oyunlarına ev sahibliyi etmişik və bu oyunlarda komandamız medal sayına görə müvafiq olaraq ikinci və birinci yerləri tutub. Biz Bakıda futbol üzrə Avroliqanın finalına və futbol üzrə Avropa çempionatının 1/4 finalına və bir neçə qrup oyunlarına ev sahibliyi etməyi səbirsizliklə gözləyirik. Biz artıq mötəbər beynəlxalq, Avropa idman və futbol yarışlarına ev sahibliyi edəcək dünya ölkələrinin birinə çevrilirik. Əlbəttə ki, bunu biz dostluq və FİFA-ya hörmət əlaməti hesab edirik. Sizdən bizim qonağımız olmuş FİFA-nın prezidenti cənab İnfantinoya salamlarımı çatdırmağı xahiş edirəm. Biz hamımız bu tarixi günü xatırlayacağıq”.

Həmin kateqoriyadan