İlham Əliyev “Qarabağ” klubuna 2 milyon manat mükafat ayırdı

Ölkə başçısı İlham Əliyev Azərbaycan futbolu tarixində ilk dəfə olaraq çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” komandası ilə bağlı sərəncam imzalayıb. Allsport.az saytı xəbər verir ki, Azərbaycan prezidenti qərarında bunu qeyd edib:

– “Qarabağ” futbol klubunun ilk dəfə çempionlar liqasının qrup mərhələsinə vəsiqə qazanması Azərbaycan futbolunun tarixi qələbəsidir.

Klubun Azərbaycanı layiqincə təmsil etdiyini, ölkədə futbolun inkişafı və yüksəlişində xidmətlərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan “Qarabağ” futbol klubuna 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

Həmin kateqoriyadan