İlham Zəkiyev İslam oyunlarında ağırlıqqaldıranlarımız da şansını yüksək qiymətləndirib

Tanınmış paralimpiyaçı cüdoçu İlham Zəkiyev mayın 12-də rəsmən başlayacaq İslam oyunları barədə fikiri bölüşüb. Allsport.az saytı xəbər verir ki, Bakı-2017-nin idmançı səfiri AAAF-ın rəsmi internet televiziyası açıqlamasında, bu oyunların möhtəşəm idman bayramı kimi yadda qalacağını bildirib:

“4-cü İslam oyunları böyük bir idman hadisəsidir. Bu yarışların Bakıda keçirilməsi də çox xoşdur. Bütün ölkələrin müsəlmanları bir bayraq altında yığışacaqlar. Maraqlı yarışlar olacaq, medallar uğrunda gərgin mübarizə gedəcək. Azərbaycan yığma komandasının bütün idman növləri üzrə uğurlu çıxış etmək, ümumi sıralamada 1-ci yeri tutmaq şansı böyükdür. Xalqımıza üzümü tutub deyirəm ki, idmançılarımızı dəstəksiz qoymasınlar. Arenalara gəlsinlər, uğura səsləsinlər. Biletlər çox da baha deyil, qiymətləri münasibdir. Həmrəy olaq. Gücümüz həmrəyliyimizdədir”.

Zəkiyev ağır atletlərimizin çıxışlarına da toxunub: “Ağırlıqqaldıranlarımızın da şansını yüksək qiymətləndirirəm. 8 qadın və 8 kişi ilə qatılırıq. Heyət güclüdür, inam böyükdür. Onlardan ən azı bir neçə qızıl medal gözləyirik. İnşallah, öz qələbələri ilə bizi, xalqımızı, cənab prezidentimizi sevindirəcəklər. Onların hər birinə uğurlar arzulayıram”.

İlham Zəkiyev Azərbaycanlı paralimpiyaçı cüdoçu, ikiqat paralimpiya oyunları çempionu (2004, 2008), ikiqat dünya çempionu (2007, 2010) və altıqat Avropa çempionu (2005, 2007, 2009, 2011, 2013, 2015), 2015 Avropa oyunları çempionu, Azərbaycanın Əməkdar İdman Ustası, 6-cı dan sahibi, Qarabağ müharibəsi əlili və qazisidir. “Şöhrət” ordeni və “Tərəqqi” medalı ilə mükafatlandırılmışdır. 2008, 2012 və 2016 Yay Paralimpiya Oyunlarında Azərbaycanın bayraqdarı olub. 1999-cu ildə cəbhə bölgəsində İlham Zəkiyev snayperlə başından vuruluduqdan sonra görmə qabilliyətini itirmiş, və bundan sonra cüdo ilə ciddi məşğul olmuşdur.

Həmin kateqoriyadan