“İnanıram ki, bu gənclər Paris olimpiadasında ölkəmizi təmsil edəcəklər”

Başqırdıstan paytaxtı Ufada gənclərin dünya çempionatında 3-cü yeri tutan yunan-Roma güləşi üzrə millimiz gecə Vətənə qayıdıb. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Zöhrab Abbasovun rəhbərliyi ilə 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanan bahadırlarımız, 101 xalla dünyanın ən güclü 3 komandası sırasına daxil olub.

Heydər Əliyev adına beynəlxalq aeroportda qarşılanma mərasimi keçirilib. Azərbaycan güləş federasiyasının vitse-prezidenti Elçin Cəfərov yığmamızın çıxışı və növbəti yarışlar haqqında bunları deyib:

“Mən ilk olaraq dünya çempionu olan Həsrət Cəfərovu, digər medalçılarımızı, məşqçilər korpusunu və federasiyamızı təbrik edirəm. Hesab edirəm ki, bu, çox böyük uğurdur. İnanıram ki, bu uğurun davamı gələcək. Qarşıda bizi MDB oyunları, böyüklərin dünya çempionatı və U-23 dünya çempionatı gözləyir.

Bu gənclərin bir neçəsi həmin yarışlarda ölkəmizi təmsil edə bilər. Yığma komandaların təlim-məşq toplanışları federasiyanın daim diqqət mərkəzindədir. Artıq bu gündən hər bir idmançı Paris-2024 olimpiadasına hazırlıqlara başlamalıdır. İnanıram ki, bu gənclər həmin Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcəklər.

Şəxsi məşqçiləri və yığma komandanın məşqçilərini təbrik edirəm ki, komandanı ən yaxşı formada hazırlaşdırıblar. Bu qələbəni şəhidlərimizə və qazilərimizə həsr edirik. Çalışacağıq ki, bundan sonra da ölkəmizin şərəfini layiqincə qoruyaq”.

Həmin kateqoriyadan