“İşğaldan azad olunan ərazilərdə tədbirlərin keçirilməsi, Azərbaycanda idman siyasətinin uğur göstəricisidir”

3 mayda Mingəçevirdə “Kür” olimpiya tədris-idman mərkəzində avarçəkmə üzrə “Prezident kuboku” beynəlxalq reqatası başa çatdı. Allsport.az saytı xəbər verir ki, yarışda qonaq qismində iştirak edən Milli Məclisin sədrinin 1-ci müavini Əli Hüseynov təəssuratını KİV-lə bölüşdü:

“Ölkəmizdə ümummilli lider Heydər Əliyevin 101-ci ildönümünə silsilə tədbirlər keçirilir. Çox təqdirə layiq haldır ki, kanoe və avarçəkmə federasiyası da yüksək səviyyədə tədbirlərin təşkilinə qoşulub. Artıq 3 ildir “Prezident kuboku” reqatası keçirilir. Qürurverici haldır ki, hər il yarışa qoşulan ölkələrin sayı artır.

Ənənəvi olaraq yarış Suqovuşanda başlayır. Bu, işğaldan azad olunan ərazidə rəmzi məna daşıyır. İlk tədbirdə ölkə başçısı İlham Əliyev və 1-ci vitse-prezident Mehrivan Əliyeva iştirak etmişdilər. Bu günlərdə Diana Damçenko Paris yay olimpiya oyunlarına vəsiqə qazanıb. Həmin uğur yeni federasiya rəhbərliyinin zəhmətinin bəhrəsidir.

Bizim üçün daha bir qürurverici hadisə tədbirin bölgədə keçirilməsidir. İndi paytaxtla yanaşı, ölkənin müxtəlif şəhərlərində, o cümlədən, işğaldan azad olunan ərazilərdə bu cür möhtəşəm tədbirlərin keçirilməsi, Azərbaycanda idman siyasətinin uğur göstəricisidir.

Əminik ki, idmançılarımız yeni qələbələri ilə ölkə ictimaiyyətini bir daha sevindirəcəklər. Bu həm də döclətimizi, xalqımızı dünya tanıtdırmağın çox mütərəqqi üsullarından biridir. İdman – həm də mədəniyyətin bir hissəsidir. Görürsünüz ki, Mingəçevirdə insanlar necə bu hərəkata yaxından qatılıblar”.

K.HACI

Həmin kateqoriyadan