“İslamiadada bizi ciddi rəqabət gözləyir”

Güləş üzrə milli komandalarımız sabah İslamiadada iştirak etmək üçün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada yollanacaq.

Allsport.az xəbər verir ki, səfər ərəfəsində Aleksandr Tarakanov, yunan-Roma güləşi üzrə baş məşqçi yarışla bağlı danışıb:

“Dünya çempionatından sonra komandaya istirahət verildi. Bu müddət ərzində zədəsi olanlar bərpa prosesi keçdilər. Daha sonra ümumi fiziki hazırlıq prosesi baş tutdu. Noyabrın 1-də isə iki həftəlik taktiki-texniki çalışmalara başladıq. Milli üzvləri ilboyu təlim-məşq proseslərində iştirak etdikləri üçün hazırlıq səviyyəsi ilə bağlı problem yoxdur. Düzdür, ilin sonu olduğu üçün yorğunluq var. Ona görə də artıq yüngül və qısamüddətli məşqlərə keçmişik ki, yüklənmə olmasın. Bu yarışda əsas rəqibimiz İran olacaq. Onlar əsas heyətlə iştirak edəcəklər. Özbəkistan, Qırğızıstan, Qazaxıstan və Türkiyə güləşçilərini də bu siyahıya əlavə etmək olar. Fikrimcə, İslamiadada bizi ciddi rəqabət gözləyir. Sözsüz ki, bütün rəqibləri keçirdikləri görüşlərin görüntülərinə baxaraq təhlil edirik. Səhvlərin üzərində işləyirik. Əlbəttə, rəqiblər də bizi təhlil edir və bizə qarşı xüsusi köklənirlər. Ona görə də maksimum hazırlıqlı olmalıyıq”.    

Həmin kateqoriyadan